Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. İşə Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baxılır.
İcra başçısı Ziyəddin Əliyev jurnalisti ona sosial şəbəkələrdə böhtan atdığını və təhqir etdiyni iddia edir. Bu jurnalsitin Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videolarından sonraya təsadüf edir. Əvvəlki prosesdə ittihamın təhqir hissəsi araşdırılıb. Aprelin 19-da keçirilən prosesdə isə hakim jurnalistə ittihamın digər hissəsi ilə bağlı ifadə verməyi təklif etdi. Onun vəkili Cabbar Bayramov isə təklif etdi ki, Ziyəddin Əliyevin vəkili Seyfəddin Əliyev ittiham üzrə böhtanla bağlı epizodları şərh etsin.
Hakim təklif etdi ki, ittihama əlavə edilən disklərdəki videolara baxış keçirilsin, bundan sonra epizodlar üzrə dəqiqləşdirimələr aparılsın. Cəmil Məmmədlinin 27 fevral 2021-ci ildə hazırladığı 17 dəqiqə 43 saniyəlik “Qədim Qubanın müasir günü – I hissə… (kadr siyasəti…) https://www.youtube.com/watch?v=MT3SS0uV2EU videoreportajına baxış keçirildi. Həmin videoda Ziyəddin Əliyevin kadr siyasəti haqda şəxsi fikirlər, mülahizələr yer alıb. Qısa müddətdə 23 icra nümayəndəsi dəyişdirilib. İcra nümayəndələrindən biri eyni vəzifəyə 20 min manat qarşılığında yenidən təyin olunub. Bundan başqa bir çobandan 12 min manat rüşvət alınması məsələsi də videoda əksini tapıb. Məsələ belə olub: – İmran adlı şəxs Haput kənd sakini Arif Mustafayevə müraciət edib, heyvanatı üçün yaylaq yeri icrəyə götürmək istəyib. O da Elnur Əlimova müraciət edib. Əlimov da dostu icra nümayəndəsi Ramin Nəcəfova bu haqda deyib. O da Quba icra başçısının iqtisadi məsələlər üzrə müavini Xanlar Heybətovun yanına gedib. Sonuncu bu haqda başçıya deyib. Ziyəddin Əliyev 15 min manat rüşvət istəyib. İmran kişi 12 min rüşvət verib. Pul Xanlar Heybətova çatdırılıb. Bundan sonra çobana yarımçıq sənəd verilib. Lakin İmran kişi Quba icra hakimiyətinə çox getsə də, sənədi tam şəkildə düzəldə bilməyib. Günlərin birində isə digər çoban İmran kişidən 102 xidmətinə şikayət edib. Bundan sonra araşdırma aparılıb, İmran kişidən geniş ifadə alınıb, rəsmiləşdirilib, rüşvət məsələsi üzə çıxıb. Son nəticədə Xanlar Heybətov həbs olunub. O da pulu son qəpiyinə qədər icra başçısı Ziyəddin Əliyevə çatıb. İş Quba Rayon Prokurorluğuna ötürülüb. Ordan da iş Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ötürülüb. Həmin vaxt Ziyəddin Əliyev Xanlar Heybətovu ələ almağa bacarıb. Onu həbsdən qurtaracağını, yenidən vəzifəyə qaytarılacağını vəd edib. Bundan sonra Xanlar Heybətov cinayəti boynuna götürüb və 4 maddə ilə barəsində cinayət işi başlayıb. Hazırda Quba rayon Məhkəməsində onun işi üzrə məhkəmə prosesi keçirilir.
Videoya nümayiş ediləndən sonra vəkil Cabbar Bayramov xüsusi ittihamçının nümayəndəsinə böhtanla bağlı iddialarını konkretləşdirməyi təklif etdi. Hakimin diqqətinə çatdırdı ki, xüsusi ittihamla bağlı iddia ümumiyyətlə icraata qəbul olunmalı deyildi. Vəkil fikrini belə əsaslsndırdı ki, iddiada hansı sözlərin böhtan olduğu əvvəlcədən dəqiqliyi ilə əksini tapmalı idi. Buna baxmayaraq mücərrəd xüsusi ittiham qaydasında iddia icraata qəbul edilib. Vəkil vəsatəıtlə çıxış edib qarşı tərəfin böhtanla bağlı iddiaya konkretlik gətirilməsini, hansı sözlərin böhtan olduğunu yazılı şəkildə məhkəməyə təqdim olunmasını xahiş etdi.
Vəsatətə münasibət bildirən Ziyəddin Əliyevin nümayəndəsi bildirdi ki, baxış keçirilən videoda müvəkkili rüşvət almaqda ittiham olunur. O, bu haqda fikirlərin böhtan olduğunu söylədi.
Hakim Anar Sadıqov vəsatəti təmin etmədi.
Vəkil Cabbar Bayramovun digər iddiası 20 min rüşvət məsələsi ilə bağlı oldu. O, bu epizod üzrə şahid Ramin Nəcəfovun dindirilməsini məhkəmədən xahiş etdi. Ziyəddin Əliyevin nümayəndəsi isə Ramin Nəcəfovun dindirilməsinə etiraz elədi. Bundan sonra Cabbar Bayramov məhkəmədən israrla şahidin dindirilməsini xahiş edərək bildirdi ki, Ramin Nəcəfovdan 20 min manat rüşvət alınıb və o, vəzifəyə təyin olunub. Ramin Nəcəfovun məhkəmə önündə olduğunu qeyd edərək onun zala dəvət edilməsini istədi. Hakim şahidin dindirilməsini indiki mərhələdə məqsədəuyğun hesab etmədiyini açıqladı və vəsatəti təmin etmədi.
Vəkil Cabbar Bayramov hakimin mötəbər sübut gücündə olan şahidin dindirilməsi haqda vəsatəti təmin etməməsini onun ittiham tərəfə meyllənməsi kimi dəyərləndirdiyini açıqladı.
Vəkil hakim Anar Sadıqova yazılı etiraz verdi. Məhkəmənin sədri Xıdır Quliyev etiraza baxaraq təmin etmədi. Bundan sonra proses aprelin 30-na kimi təxirə salındı.
Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.
O əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.