I Qarabağ müharibəsi iştirakçılarının əlillik müraciətinə yenidən baxılacaq

Yeni meyarlara əsasən, diaqnoz və ağırlaşmalara uyğun olaraq əlillik dərəcələrinin təyinatının aparılması halları artıb.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, indiyədək imtina cavabı alan birinci Qarabağ müharibəsi iştirakçılarının da əlilliklə bağlı müraciətlərinə yenidən baxılacaq.

“İyulun 1-dən yeni meyarlar qüvvəyə mindi. Məsələn, dünənə qədər köhnə meyarlarla təxminən 150 diaqnoz və ağırlaşmalara uyğun əlillik dərəcələri təyinatı aparılırdısa, yeni meyarlara əsasən bu rəqəm 4.5 dəfə artaraq 650-700-ə çatıb. Bu istiqamətdə indiyə qədər imtina verilmiş Vətən müharibəsi iştirakçıları, eləcə də birinci Qarabağ müharibəsi döyüşçülərinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətlərinə yenidən baxılacaq. Əgər yeni meyarlarla onların əlillik təyinatına əsas verən amillər varsa, qiymətləndirmə aparılacaq”, – qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina cavabı alan müharibə iştirakçılarının əlillik təyinatına yenidən baxılması üçün İşçi Qrup yaradıb.

Gununsesi.info