
Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunmuş xüsusi karantin rejimi yenidən uzadılıb.
Ancaq buna baxmayaraq, ölkəmizdə pandemiyaya yoluxanların sayı kəskin azalıb. Həyat bir neçə il əvvəlki axarına düşsə də amma hökumət quru sərhədləri bağlı saxlamaqda davam edir.
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq, Gürcüstan, Ermənistan və Rusiya qonşuları ilə quru sərhədləri açıb.
Bəs görəsən, Azərbaycan hökuməti quru sərhədləri açacaqmı?
Gununsesi.info-nun məsələ ilə bağlı sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, onda bu barədə hər hansı məlumat yoxdur: “Hansısa yenilik olarsa, açıqlama veriləcək”.
Karantin rejiminin müddəti 2023-cü il yanvarın 1-i, saat 06:00-dək uzadılıb. Bundan əvvəl bu müddət 2022-ci il noyabrın 1-nə kimi uzadılmışdı.
Onu da vurğulayaq ki, quru sərhədlərin bağlı qalmasının fonunda təyyarə biletlərinin kəskin bahalaşması ölkədə vətəndaşları hökumətdən narazı salıb.
Mətləb
Gununsesi.info