İçərişəhərdə gəzintiyə çıxmaqla yanaşı, şahmat da oynamaq mümkün olacaq

  • By admin
  • 01 Sentyabr 2016 12:08

qiz

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürür. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ölkəmizdə idmanın bu növünün inkişafına öz dəstəyini hər zaman olduğu kimi özünəməxsus şəkildə ifadə edib.

Gununsesi.info xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Təhsil Nazirliyinin dəstəyi ilə İçərişəhərin dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Qız qalasının qarşısındakı meydanda küçə şahmatı quraşdırılıb. Qədim oyunun böyük fiqurlarının düzüldüyü şahmat meydanı İçərişəhərin koloritini artırmaqla yanaşı, tarixi ansambla xüsusi gözəllik bəxş edir. Küçə şahmatı intellektual oyunları, asudə vaxtını fərqli və mənalı keçirməyi, kreativliyi və ünsiyyəti sevən insanlar üçün ən uyğun və orijinal seçimdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi intellektual oyunlara marağı və bacarığı olan Bakı sakinlərini, eləcə də şəhərimizin qonaqlarını İçərişəhərdə, Qız qalasının yanında gəzintiyə çıxmaqla yanaşı, şahmat oynamağa dəvət edir.

Gununsesi.info