İcbari siğorta növləri üzrə vəsaitlərin necə xərclənəcəyi müəyyənləşib

  • By admin
  • 21 İyun 2019 15:53

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “ Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar”ı təsdiq edib.

Gununsesi.org APA-ya istinadən bildirir ki, iyunun 19-dan qüvvəyə minən bu Qaydalar qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması üzrə təyinatları, habelə həmin vəsaitlərin istifadəsi ilə bağlı hesabat formalarını və onların təqdim edilmə qaydasını müəyyən edir.

Qarşısıalınma tədbirləri fondu hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanır və bu Qaydalarda nəzərdə tutulmuş təyinatlar üzrə istifadə olunur. Qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlərin xərclənməsinə dair təyinatlar aşağıdakılardır:

 – maarifləndirici tədbirlərin həyata keçirilməsi:

– təhsil müəssisələrində yol hərəkəti qaydaları, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi;

– təhsil müəssisələrində sığorta hadisəsi hesab edilə bilən halların baş verməsinin fəsadları barədə maarifləndirmə işlərinin aparılması;

– zərərçəkmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsi istiqamətində maarifləndirici çarxların hazırlanması;

– baş verə biləcək sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısının alınması üçün təbliğat və təşviqat işlərinin aparılması;

– sığorta hadisələri intensivliyinin yüksək olduğu ərazilərdə hadisənin baş vermə ehtimalının azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;

– təbii və ekoloji xarakterli fövqəladə halların, o cümlədən daşqın və sellərin baş verməsi nəticəsində fəsadların qarşısının alınması və azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;

– yanğına qarşı xəbərvericilərin (siqnalizasiyaların) qurulması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;

– təmizləyici qurğular, müəssisələrdə zərərli tullantı süzgəcləri, digər təbiəti mühafizə obyektləri avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi.

Sığortaçı qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər və onlardan istifadə olunmasına dair aylıq əsasda müvafiq ay başa çatdıqdan 7 gün müddətində Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat təqdim edir.

Gununsesi.org