“İcra başçıları bu gün yalnız süpürgəçilərə rəhbərlik edirlər, hansı ki…” – SİYAVUŞ NOVRUZOV

Biz hər şeyi insan üçün yaradırıq. Əgər insana əziyyət verəcəyiksə, bunu niyə edirik?! Bina tikiləndə altında supermarket yaradırlar ki, vətəndaş əziyyət çəkməsin. Məsələn, turizm sahəsini götürək. Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bunu birləşdirib mərkəzi Xaçmaz rayonuna salıblar. Digər bölgəni isə Zərdaba. Zərdabda turizm var? Hesab edirəm ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti oturub qərar qəbul etməlidir. Rayonlar birləşməlidir. Bu gün 84 rayon birləşib 64 ola bilər. Düşünürəm ki, mərkəzləşmə yalnız bu halda ola bilər.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) növbədənkənar sessiyasının plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu gün insanlar üçün zəruri olan məsələləri həll edən qurumlar birləşdirilir:

“Müəllim Təhsil şöbəsinə getməlidir. Amma bunun üçün 70 km məsafə qət etməlidirlər. Bakının 3 rayonunu birləşdirməyi başa düşürük. Amma kənd rayonlarında bunu etmək absurddur. Məsələn, Qərb bölgəsində mərkəzləşdirmə ediblər. Qazaxdan Gəncəyə qədər insanlar bir qurum üçün kilometrlərlə yol qət edirlər. Hər rayonda bizim kifayət qədər məktəblərimiz var. Hər rayonun özünün Təhsil şöbəsi olmalıdır. Bu gün mərkəzləşmə etməyin nə mənası var?!”.

S. Novruzovun sözlərinə görə, özünü təmin etmək üçün rayonların strukturu olmalıdır:

“Hesab edirəm ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Dövlət strukturunda strateji baxımdan müzkairələrə ehtiyac var. Burada hansısa nazirliyin tənqidindən söhbət getmir. Bu gün kim nə cür struktur istəyir axşam fikirləşib səhər gəlir tətbiq etməyə”.

Komitə sədri həmçinin, bu gün yerli icra hakimiyəti başçılarının bir növ səlahiyyətsiz durumda olduğunu bildirib:

“Hamı nə problem olursa, onların üstünə gedir və getməlidir. Amma bu gün icra başçıları yalnız süpürgəçilərə rəhbərlik edirlər, az qala bütün səlahiyyətlərdən məhrum ediliblər…”.

Gununsesi.info