İcra başçısı 3 kəndin sakinləri ilə görüşüb - FOTOLAR

  • By admin
  • 15 Dekabr 2017 18:25

Dekabrın 14-də Ambu kənd tam orta məktəbinin iclas zalında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun Blaband, Ambu və Barzavu kəndlərinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanların, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq işlərindən, əldə olunmuş sosial-iqtisadi nailiyyətlərdən bəhs edərək bildirib ki, son illər müstəqil dövlətimiz böyük uğurlara imza atıb. Artıq Azərbaycan iqtisadi göstəricilərinə görə, dunyanın ikişaf etmiş ölkələri sırasındadır.

R.Bağırov Azərbaycanın digər bölgələrində olduğu kimi, Lerik rayonunda da genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Ərazilərdə, kəndlərdə vətəndaşlarla görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilir. Sizinlə belə görüşlərimiz bir neçə dəfə olmuşdur. Bu gündə qrafikə uyğun olaraq növbəti dəfə sizlərlə birlikdəyik. Dünyada iqtisadi böhranın yaşandığı bir vaxtda 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Neftin qiymətinin kəskin aşağı düşməsi hər bir neft ixrac edən ölkəyə öz təsirini göstərmişdir. Bu əlbəttə neft ixrac edən ölkə kimi bizim ölkəyə də mənfi təsirini göstərdi. Buna baxmayaraq cənab Prezidentin uğurlu, düşünülmüş siyasəti nəticəsində ölkəmizdə qlobal böhranın təsirlərinin aradan qaldırılması istiqamətində mühüm işlər, islahatlar aparıldı. Kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkənin neftdən asılılığını azaltdı.
Respublikamızda regionların inkişafı barədə cənab Prezidentimizin qəbul etdiyi qərarlar hamınıza məlumdur. Həyata keçirilən Dövlət Proqramları nəticəsində rayonumuzda da bir çox işlər görülmüşdür. Düzdür bu il bəzi çətinliklər oldu, investisiya qoyuluşu azaldı, iş yerləri ixtisara salındı. Amma buna baxmayaraq cənab Prezidentin tapşırığına əsasən ixtisar olunmuş iş yerlərinin əvəzinə yeni iş yerləri yaradıldı. Təkcə Lerik rayonunda bu il 185 yeni iş yeri yaradılmış və işsiz vətəndaşlarımız işlə təmin olunmuşdur.
Cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsi təşkil edir. Bu gün ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi islahatlar rayonumuzun da inkişafına ciddi təsir göstərmişdir. Ötən müddət ərzində rayonumuzun inkişafı  üçün çox vacib olan Noda-Şingədulan-Xanagah və Lerik-Qosmalıan-Kəlvəz avtomobil yollarının tikintisinin başa çatdırılması, Dünya Bankının ayırdığı vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tədbirlər həyata keçirilməsi, həmçinin 19 kilometrlik Qosmalıan-Lerik yüksək təzyiqli magistral su xəttinin çəkilməsi, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsinin yenilənməsi, eyni zamanda suya ehtiyacı olan kəndlərin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə bir neçə kəndimizdə artezian quyularının qazılması, yaşayış məntəqələrinə su xətlərinin çəkilməsi rayonumuza göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Bundan əlavə rayonumuzda ötən dövr ərzində yeni məktəb binaları tikilib istifadəyə verildi, bir neçə kəndə qaz xətti çəkilmiş, kəndara yollar təmir edilmiş, bir neçə kəndin yoluna asfalt döşənmişdir. Biz indi rayonumuzu 10 il əvvəl ilə müqayisə edə bilmərik. Rayonumuzun ərazisində 50 dən çox məktəb binası tikilib, 48  kəndə qaz xəttinin çəkilişi təmin olunub. Mastail, Əvilə və Murya  kəndlərinə bu il mavi qazın verilməsinə nail olduq. Rayonumuzun işıq təsərrüfatında da bir çox işlər görülüb, çürümüş dirəklər yeni dəmir dirəklərlə əvəz olunub, yarımstansiyalar istifadəyə verilib, BTM-lər quraşdırılıb. Növbəti illərdə də çalışacağıq ki, rayonun inkişafı üçün vacib olan layihələrin gerçəkləşməsinə nail olaq. Hazırda 2018-ci il üçün Piran-Hamarat-Vjaker yolunun asfaltlaşdırılması və Ağçay-Təkdam yolunun yenidən salınması təklifləri verilmişdir. Maliyyə vəsaiti ayrılarsa bu işlər öz həllini tapacaqdır. Ağçay-Təkdam yolunun tikintisi ilə biz həm rayonumuza alternativ yolun açılmasına, həm də qonşu Yardımlı və Masallı rayonlarına qısa və rahat çıxışımız təmin olunacaqdır. Elektrik təsərrüfatında yeni yarımstansiyaların quraşdırılması, sıradan çıxmış dirəklərin yeni dirəklərlə əvəzlənməsi, elektrik naqillərinin sip kabellərlə əvəzlənməsi, kəndlərin qazlaşdırılması işinin sürətləndirilməsi nəzərdə tutulmuşdur”.

Sonra kənd sakinlərindən Tofiq Səfərov çıxış edərək üzləşdiyi problemlər barədə danışıb. Digər kənd sakini Hidayət Rufullayev isə rayonda aparılan abadlıq-quruculuq işlərini yüksək dəyərləndirib sakinlərin sakinlərin məmnunluğunu dilə gətirib.

Səyyar görüş-qəbulda çıxış edən Vaqif Rəhimov, Mirzəli Əliyev, Şakir Babayev, Şahmurad İbadov, Adil Əliyev, Şaiq Cəbiyev, Manaf Diniyev, Fərzəli Ağamalıyev və başqaları Lerikdə aparılan abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Rayon icra hakimiyyətinin başçısı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyati qurumların rəhbərlərinə tapşırıqlarını verib.

Hüseyn Ağaxanzadə

Gununsesi.info