Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal olan qadınlarla rayon icra hakimiyyəti başçısının görüşü keçirilib.
Gununsesi.info xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 8 Mart – Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə qadınları təbrik edib. İcra başçısı bildirib ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Qadınlarımız öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılıb. Bu gün də ölkə başçısı cənab İlham Əliyev qadınlara hər zaman diqqət və qayğı göstərir, onun rəhbərliyi altında təhsildə, səhiyyədə, idarəetmə orqanlarında mətbuatda və digər sahələrdə qadınlar hər zaman vəzifədə irəli çəkilirlər.
Rayonumuzda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərir. Onlardan bir neçəsinin fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi, o cümlədən bayram ərəfəsində Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayevanın cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi ölkə rəhbərinin rayonumuzun bütün qadınlarının əməyinə verdiyi qiymətdir.
Daha sonra tədbir iştirakçıları adından rayonun əməkdar həkimi Sadiqə Rufullayeva və prezident sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilmiş Lerik Uzunömürlülər muzeyinin direktoru Dilarə Fətullayeva çıxış edərək son illər ölkə başçısının tapşırığı ilə rayonumuzda aparılan tikinti-quruculuq işlərinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon icra başçısı “Tərəqqi” medalını Dilarə Fətullayevaya təqdim edib.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim edildi.
****
Eyni zamanda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun tapşırığına əsasən yaşı 100-dən çox olan bir qrup rayon sakinini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmək üçün rayon icra hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova aparatın məsul işçiləri ilə birlikdə onlara baş çəkib, bayram münasibəti ilə şəxsən icra başçısı Rövşən Bağırovun adından onları təbrik edərək, xoş arzularını çatdırıb, hədiyyələr təqdim edib.
Gununsesi.info