İcra başçısı şəhid həkimin doğum günündə ailəsini ziyarət edib

  • By admin
  • 04 İyul 2022 17:00

Abşeron rayonunda şəhid Turqut Xəlilbəylinin 29-cu doğum günü qeyd
edilib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən
müharibəsində şəhidlik zirvəsinə yüksələn, “Azərbaycan Bayrağı” ordeninə
və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad
olunmasına görə” medallarına layiq görülən tibb xidməti leytenantı Xəlilbəyli
Turqut Nadir oğlunun 29-cu doğum günü qeyd edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının
sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan
şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından
keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub,
məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən
və şücaətlərdən bəhs edilib.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin
əvvəllər yaşadığı Masazır qəsəbəsindəki evinə gələrək ailə üzvləri ilə
görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Şəhidin Turqut Xəlilbəylinin valideynləri də onlara dövlət tərəfindən böyük
diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident
İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.

Gununsesi.info