İcra başçısı vətəndaşlar arasında-DAŞKƏSƏNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULU KEÇİRİLİB

İcra başçısı vətəndaşlar arasında

Mart ayının 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təsdiq olunmuş qrafikə uyğun olaraq, Daşkəsən qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

İcra hakimiyyətindən Gununsesi.info-ya verilən məlumatda qeyd olunur ki, görüş-qəbulda rayonun hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qarşıdan gələn Novruz bayramı münasibətilə sakinləri təbrik etdikdən sonra son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının yaxşılaşdığını diqqətə çatdırmışdır.

Əhəd Abıyev qəbul olunan dövlət proqramlarının icrası nəticəsində respublikanın bütün regionlarda, o cümlədən Daşkəsəndə həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, gündən-günə dəyişən, gözəlləşən Daşkəsəndə  yeni-yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilib, yollar, körpülər salınıb, su təchizatı layihələri icra olunub. Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Rayon rəhbəri həmçinin respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışmışdır.

Daha sonra sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlərin müraciətləri əraziyə qaz və  yeni su xəttinin çəkilməsi, işlə təmin olunma, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlər  barədə olmuşdur.

Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qəsəbə əhalisinin problemlərini dinləmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Sonda qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Gununsesi.info

COMMENTS