İcra başçısı və millət vəkili Yasamal sakinləri ilə görüşdülər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşlarla bir araya gəliblər. Səyyar qəbul rayondakı Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin akt zalında keçirildi. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı.

Söz alan vətəndaşlar  kommunal xidmət saygaclarının quraşdırılması, qurumuş agacların budanması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təbii qaz limiti, kanalizasiya qapaqları problemi, yerüstü piyada keçidi və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Millət vəkili Erkin Qədirli isə təbii qaz limiti ilə baglı sakinlərin suallarına aydınlıq gətirdi.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Sonda sakinlər hakimiyyət nümayəndələrinin vətəndaşlarla birgə görüşə gəldiklərinə görə Prezident  cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etdilər.

Gununsesi.info