İcra hakimiyyətləri və məhkəmələrdə islahatlar vacibdir - DEPUTAT

  • By admin
  • 21 Yanvar 2022 15:10

“Azərbaycanda bütün sahələrdə dəyişikliklər, o cümlədən struktur və kadr islahatları 2022-ci ildə də davam edəcək”.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O xatırladıb ki, prezident İlham Əliyev bir müddət öncə yerli televiziya kanallarına müsahibəsində də islahatlarla bağlı mesajlar səsləndirib:

“İslahat aparılmadan heç bir inkişafdan söhbət gedə bilməz. Son iki ildə pandemiyanın da təsiri ilə ümumi vəziyyətin çətin olmasına baxmayaraq, Azərbaycanda islahatlar nəticəsində qeyri-neft sektorunda, ümumdaxili məhsulun həcmində, iqtisadi göstəricilərdə artım müşahidə olundu. Bu göstərir ki, həyat inkişaf etdikcə, islahat da vacibliyini saxlayır.
Prezident 2022-ci il islahatlarına icra orqanlarında dəyişikliklərlə başladı. Yeni səhiyyə naziri təyin edildi. İki rayonun İcra hakimiyyətində dəyişiklik olundu. Bu kadr islahatları və paralel olaraq digər sahələrdə də yeniliklər davam edəcək. Əsas məsələ odur ki, islahatlar ölkənin sosial-iqtisadi durumunun yüksəlməsinə, insanların həyat şəraitinin yaxşılaşmasına səbəb olsun və Azərbaycanın müstəqilliyinin qorunmasına zəmin yaratsın. Son zamanlar regionda, Qazaxıstanda, o cümlədən dünyada baş verən hadisələr də göstərir ki, Azərbaycanda həyata keçirilən islahatlar həm də dövlətçiliyimizin qorunub saxlanmasına xidmət edir. Ölkə başçısı bütün bunları nəzərə alaraq, islahatları birdən-birə deyil, mərhələlərlə aparır ki, heç bir problem yaranmasın”.

Vahid Əhmədov düşünür ki, Azərbaycanda İcra hakimiyyəti orqanları ilə bağlı strukturun təkmilləşdirilməsinə böyük ehtiyac var:

“Ölkə başçısı işğaldan azad olunmuş Qarabağ ərazisində xüsusi nümayəndə təyin etdi, onun Aparatı var və çox yaxşı işləyir. Bundan çıxış edərək, İcra hakimiyyətləri ilə bağlı da struktur dəyişikliklərinə ehtiyac olduğunu deyə bilərik. Biz ilk olaraq çalışmalıyıq ki, bələdiyyələrin statusu möhkəmlənsin, onlara əlavə səlahiyyətlər verilsin. Bələdiyyələr daha çox sosial layihələr həyata keçirsinlər, insanlarla təmasda olsunlar. Düşünürəm ki, bütün bunlar ölkə başçısının səlahiyyətində olan məsələlərdir”.

Məhkəmə islahatlarının aparılamasına da toxunan deputat söyləyib ki, bu sahədə addımlara ilk olaraq kadrlarla başlamaq lazımdır:

“Son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən cavan kadrlar gətirilir, ciddi addımlar atılır, amma hesab edirəm ki, məhkəmələrlə bağlı daha çevik və dəqiq islahatlar lazımdır. Ölkə başçısı məhkəmə sistemində əməkhaqlarının artırılmasına dair sərəncam da imzaladı ki, burada sui-istifadə halları olmasın. Fikrimcə, məhkəmələrdə islahatların davamına ehtiyac var”.

Gununsesi.info