
Dünya ölkələrində keçirilən bütün yarışlarda qalib gələn idmançıların qələbəni ifadə edən ənənəvi davranış şəkli var – medalları dişləmək. Bu əslində heç də ənənə sayılmır. Lakin illərdir təkrarlanan davranışlar artıq bir qayda kimi sabitləşib. Elə bir qalib idmançı tapmaq olmaz ki, onun belə görüntüsü olmasın. Son illərdə ölkəmizdə keçirilən yarışların qalibləri də bu “ənənəni davam etdirir”. Bəs, görəsən, onların medalı dişləməsinə səbəb nədir?
Əvvəllər qızılın təmiz, qatqısız olub-olmadığını yoxlamaq üçün onu dişləyirdilər. Çünki qızılın tərkibində qatılmış maddələr çox deyildirsə, onu yüngülcə dişlədikdə üzərində diş izləri qalır.
İlk dəfə 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilən XXV Yay Olimpiya Oyunlarında qalib idmançılar qızıl medalları dişləyərək şəkil çəkdirib. Barselonada başlanan bu dalğa illərdir ki, qeyri-ixtiyari davam etdirilir. Onların da məqsədi yəqin qızılın təmizliyini yoxlamaq olub. Lakin həmin illərdə medalın tərkibinin qatqısız olmasını gözləmək mənasız idi. Çünki 1912-ci ildən etibarən hazırlanan qızıl medalların tərkibində ən yaxşı halda 1,2% təmiz qızıl tapmaq olur. Adı qızıl olan bu medalların tərkibinin 93 faizini gümüş maddəsi təşkil edir.
Bəziləri isə iddia edir ki, idmançıları bu cür şəkil çəkdirməyə fotoqraflar vadar edir. Onların məqsədi daha maraqlı kadrlar əldə etməkdir. İdmançılar arasında bəziləri “ənənəni pozaraq” medalları dişləmək yerinə öpürlər. Bunun səbəbi isə alman idmançı David Mellerin 2010-cu ildə qazandığı gümüş medalı dişləyərkən bir hissəsini qoparmaqla yanaşı, öz dişlərini sındırmasıdır. Yəqin ki, onlar bu kimi xoşagəlməz hallarla qarşılaşmaq istəmirlər.
Gununsesi.info