“İdmançılarımız hoteldən buraxılmır, KİV-lə əlaqələri kəsilib” - Nazir

Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və idmançılarımızın ölkəmizə qayıdacağı qərarı ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, nazir feysbuk hesabında etdiyi paylaşımda beynəlxalq qurumlara səslənib.

F.Qayıbov, həmçinin hazırda vətənə qayıtmaları barədə qərar qəbul edilən idmançıların İrəvanda mediaya danışmamaq üçün hoteldə saxlanıldıqlarını bildirib:

“İrəvandakı ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, əsla qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən, Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək.

Ermənistan idmançılarımızın təhlükəsiz qayıdışını təmin etməlidir, amma indi onlar mediaya çıxışları olmadan hoteldə saxlanılırlar.

Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu vəhşi hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz, həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

 

 

Gununsesi.info