İfadə azadlığı uğrunda mübarizəmi davam etdirəcəm - ATƏT SƏDRİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ FƏALİYYƏTİNİ BAŞA VURUR

 

ATƏT-in KİV azadlığı məsələləri üzrə xüsusi nümayəndəsi Harlem Dezir fəaliyyətinin sona çatması ilə bağlı bəyanatla çıxış edib.

Gununsesi.org bildirir ki, o, KİV azadlığının təşviqi üzrə səy göstərən, o cümlədən ATƏT-lə səmərəli əməkdaşlıq edən hər kəsə minnətdarlığını ifadə edib.

“Sizin qeyri-adi sədaqətiniz və fasiləsiz işiniz olmasaydı, biz mübarizələrimizin əksəriyyətində qalib gələ bilməzdik və ya ümumiyyətlə mübarizə apara bilməzdik”.

Dezir bildirir ki, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi mandatını başa vurmağa çalışır, belə ki, mandat ikinci müddət üçün uzadılmayıb və 2020-ci il iyulun 18-də başa çatacaq.

“Öz mandatımı başa vurmağa hazırlaşıram və nümayəndə institutunun mandatsız qalacağından narahatam. Amma güclü komandamın yerində olduğunu və sizin kütləvi informasiya vasitələrinin azadlığı və ifadə azadlığı uğrunda mübarizəni davam etdirəcəyinizi bildiyim üçün özümü daha yaxşı hiss edirəm.

ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəsi kimi xidmət göstərmək mənim üçün əsl şərəf idi və sizin kimi qızğın və qorxusuz müdafiəçilərlə qarşılaşmaq çox faydalı təcrübə idi. Ümid edirəm ki, bizim görüşməyə və insan hüquqlarının və kütləvi informasiya vasitələrinin azadlığının təşviqi üçün əməkdaşlıq etməyə başqa imkanlarımız da olacaq”, deyə məktubda bildirilir.

Dezir həmçinin son bir neçə həftə ərzində aldığı çoxsaylı dəstək məktublarından mütəəssir olduğunu qeyd edir.

“Bu etimad təzahürü məni çox məmnun etdi”, deyə Arlem Dezir müraciətin sonunda yazır.

Harlem Dezirin mandatı Azərbaycanın onun yenidən seçilməsinə blok qoyması ilə əlaqədar uzadılmayıb. Rəsmi Bakı onu Azərbaycanda KİV azadlığı sahəsində vəziyyətlə bağlı qərəzli mənfi mövqe sərgiləməkdə ittiam edib.

 

Gununsesi.org