
Dünya ifrat sağçıların yüksəlişindən danışarkən Britaniyanın “Observer” qəzeti ifrat sağçı liderləri birləşdirən maraqlı saç üslublarına diqqət yetirib.
Gununsesi.info xəbər verir ki, “British Observer” qəzetində dərc olunan məqalədə Argentinanın yeni prezidenti Xavier Milei, Hollandiya seçkilərində sürpriz şəkildə önə çıxan Gert Vilders, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İngiltərənin keçmiş baş naziri Boris Consonun “havalı” saç düzümləri ilə populist siyasətləri arasında əlaqə olduğu qeyd edilib.
İngiltərəli keçmiş nazir Rori Stevartın “Populizm tamamilə saçla əlaqəlidir” açıqlamasına toxunan qəzet 4 sağçı liderin saç düzümü ilə diqqət çəkməsinin təsadüf olmadığını yazıb.
Məqalədə Mərkəzi Bankı və mühüm nazirlikləri bağlayacağı vədi ilə mübahisə yaradan Argentinanın yeni lideri Mileinin maraqlı şəxsiyyətini rok ulduz üslubu ilə tamamladığı qeyd edilərək, Boris Consonun illərdir dəyişmədiyi uzun, dağınıq sarı saçları ilə “Siyasət bir teatr səhnəsidir” deyiminə uyğun hərəkət etdiyi də şərh edilib.
Məşhur moda jurnalı “Vogue”un keçmiş redaktoru Alexandra Şulman bildirib ki, “Saçları çox səliqəli olan kişidən daha şübhəli bir şey yoxdur”. “Dağınıq saçlar sizi çox məşhur insan edir”.
Londondakı Kraliça Meri Universitetinin siyasi elmlər üzrə professoru Tim Beyl deyib ki, bütün siyasətçilərin brendi var, lakin xüsusilə populist siyasətçilər öz brendlərini qeyri-adi saçları ilə dəstəkləmək istəyirlər.
Qəzet məşhur şəxslərin, aktyorların və müğənnilərin istifadə etdiyi brendləşdirmə üsullarının siyasətçilər tərəfindən istifadə edildiyini qeyd edərək, bunun ən yaxşı nümunəsinin “saçları ilə hər zaman fərqli görünən” Donald Tramp olduğunu yazıb.
Alexandra Şulmanın sözlərinə görə, qadınlardan fərqli olaraq, kişilər saçları ilə bağlı tənqidlərə qarşı immunitetlidirlər və saç düzümlərinə bir növ güc kimi baxırlar.
Məqalədə populizmin “qeyri-adi insan” ideyası ilə əlaqəli olduğu, fərqli saç tərzinin darıxdırıcı idarəetmə yanaşmasından kənara çıxmağa imkan verdiyi, saç düzümünün uzun müddətdir ki, güc və kişilik simvolu kimi göründüyü bildirilib.
Gununsesi.info