İfrata varan iftar süfrələri: Bu halların qarşısını necə almaq olar? - AÇIQLAMA

Ramazan ayının ilk günlərini yaşayırıq. Bu ayın dini və sağlamlıq baxımdan faydaları çoxdur. Ramazan ayının hikməti insanın nəfsini tərbiyə etmək, eləcə də günün bəlli saatlarında yemək və içməkdən əl çəkməkdir. Başqa sözlə, oruc tutmaq insana səbrli olmağı aşılayır.

Son zamanlar bəzi insanlar  ifrat dərəcədə dəbdəbəli iftar süfrələri təşkil edir. Bəzi insanlar iftar süfrəsinin təşkilinə dəbdəbəli şəkildə meyil göstərir.

Əgər iftar süfrələri bu qədər təmtəraqlıdırsa, bəs bu necə nəfsi tərbiyə etməkdir? Axı Allah bu hökmü insanlara əziyyət vermək üçün qoymayıb. Qurani-Kərimin bir çox ayələrində həddi aşmamaq tövsiyə olunur.

Evlərdə təşkil olunan dəbdəbəli iftar süfrələri azmış kimi bu gün müxtəlif restoranlarda da bahalı “Ramazan menyuları”nı görə bilirik. Bu cür bahalı menyular da insanların narazılığına səbəb olur.

Bəs bu cür iftar süfrələrinin təşkilini qarşısını necə almaq olar? Əsl iftar süfrəsi necə olmalıdır?

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirir ki, bu məsələlərdə insanları qırmaqla, əzməklə yox, maarifləndirərək yönəltmək lazımdır.

“Ramazan İslam dünyası üçün yeni bahar ayıdır. Necə ki, baharda torpaq yenilənir, İslam ümməti də Ramazan ayının vasitəsilə yenilənir. Əslində, Allah ildə bir dəfə yeməyimizə qarışır. Yeməyimizin vaxtını menyumuzu da dəyişir. Sahur və İftar. Bu iki qida ilə bizim qarşımıza bir süfrə endirir.

Ramazan əslində, Rəbbimizin bir rəhmət süfrəsidir. Bu süfrənin başında əyləşmə səlahiyyətinə malik olmaq üçün Rəbbimiz təqvanı əsas tutur. Bu təqva sadəcə haramlardan uzaq durmaq, halalları yerinə yetirmək deyil. Bir növü insanın özünə qayıtmasıdır. Bu baxımdan inanırıq ki, Ramazan ayı boyunca ölkəmizdə də bir iftar mədəniyyəti formalaşır.

Ancaq bəzən də işbazlar, bəzi sahibkarlar restoranlarda öz həyatını maddiyyat üzərində qurmuş adamlar da bunu bir fürsət bilərək, bizim dindarların, inancları təmiz olan adamların yaxşı mənada ciblərinə girmiş olurlar.

Arzu edərdik ki,  bu ayda belə iş adamları da iftarı süfrələri açıb, həqiqi ehtiyacı olanları dəvət etsin”, – ilahiyyatçı qeyd edib.

 

Ağa Hacıbəyli qeyd edib ki, iftar  süfrələrini  qonaqlıqlar ilə bir-birindən ayırmaq lazımdır. 

 

“İnsanlar iftar süfrələrini müəyyən büdcələrinə görə açdırırlar. Bu özü böyük bir addımdır. Çünki illərdən bəri bu cür təntənə yox idi. Ancaq indi bu dəbdəbəni ortadan götürüb, bu gözəl adətləri ibadətə çevirmək vaxtıdır.

İnanıram ki, bu sahədə din xadimlərinin böyük rolu var. Onlar gərək belə dəbdəbəli süfrələrdə oturmasınlar. Oturmaqdan imtina etsinlər.

Qeyd etmək lazımdır ki, xalq olaraq insanlarımız qonaqpərvərdir. Bəzən düşünürlər ki, qonağa az yemək verilərsə, inciklik olar.

İftar ilə qonaqlığı bir-birindən ayırmaq lazımdır. İslam peyğəmbəri buyurub ki, 1 xurma ilə də olsa, insanlara iftar elətdirin. Ondan qalanı ziyafət sayılır. Nə qədər göstərişli süfrə varsa, bu, şeytanın işindən hesab olunur. Allah Quranda israfçıları şeytanın qardaşları kimi göstərir. Bu baxımdan ümid edirik ki, insanları qırmaqla, əzməklə yox, maarifləndirərək yönəltmək lazımdır. Onların bu gözəl işlərini daha gözəl bir hala gətirmək üçün dəvət etmək lazımdır. Doğruları göstərmək lazımdır.

Onu qeyd etmək istərdim ki, bu il Ramazan ayı bizlərə fərqli şəkildə gəlib. Çünki Xanın kəndində – Xankəndində oruc tutulub, azan verilib. Bu il Xanın kəndində sahur  və iftar süfrələri təşkil olunur. Bu da  Azərbaycanımızın böyük zəfərlərdə addımıdır”.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info