“İfşa olunanlar, sadəcə, saxta profillər olmayacaq…” -  EKSPERT

  • By admin
  • 16 Noyabr 2016 11:16

elesger 

“Bu gün maraqlı məlumat aldım. Hər kəs diffomasiya haqqında Qanun qəbul etmənin vaxtı çatıb deyən zaman yeni bir maddə Cinayət Məcəlləsinə daxil edilir. Bu maddənin mahiyyətinə keçmədən, onun təqdim olunma təşəbbüsü başlı-başına yeni “niyyətlərdən” xəbər verir”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda tanınmış hüquqşünas  Ələsgər Məmmədli bu haqda sosial şəbəkədəki  səhifəsində yazıb. Onun sözlərinə görə, qanunvericilikdə təhqirə görə cinayət cəzasının nəzərdə tutulmasını Avropa İnsan Hüquqları Məhkəməsi öncə 2007-ci ildə Mahmudov-Ağazadə Azərbaycana qarşı işdə, sonra 2010-da isə Fətullayev Azərbaycana qarşı işdə qəbuledilməz hesab edərək, hökumətə bunun dekriminallaşdırılmasını təxirəsalmadan reallaşdırmağı tövsiyə edib: “Azərbaycan Hökuməti 2011-ci ildə Milli Fəaliyyət proqramına diffomasiya haqqında Qanunun qəbulu məsələsini daxil etsə də bunu icra etməyərək Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə interneti də əlavə edərək, maddənin əhatəsini genişləndirdi və Diffamasiya haqında Qanunun qəbulunu rəfə qaldırdı.
Maraqlıdır ki, bir neçə ay öncə Avropa Şurası ilə hökumət yenə bir masa arxasına gələrək uzun fasilədən sonra diffomasiyanın dekriminallaşdırılması məsələsini ictimai müzakirəyə çıxardılar. Arxasından bu gözlənilməz təklif gəldi və artıq Cinayət Məcəlləsində diffomasiyaya görə məsuliyyət müəyyən edən maddələrin sayı dördə çıxarılır.
Maddənin ifadə şəklinə baxdıqda (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə-qeyd: APA-dan götürülüb) bir çox sual qarşımıza çıxır.

1. Baş Prokurorluq qanunvericiliyi bilməməiş deyil. 13 may 2013-cü ildə məhz bu “qayğılarla” 147-ci və 148-ci maddələrə “internet informasiya resursları” əlavə edildi. Həmin təklifi əsaslandırarkən bu gün deyilənlər orda da nəzərdə tuutlurdu. Aradan 3 il keçəndən sonra yenə eyni “qayğıları ” dilə gətirmək nə qədər səmimi və əsaslıdır?

2. İnternet informasiya resursu ifadəsi o qədər genişdir ki, ora həm də sosial şəbəkələr girir və praktikada da istifadə edilib. Bununla bağlı məhkəmə qərarları da var.

3. Saxta profili kim və necə müəyyən edəcək? saxta profil sahibi Bakıda yox Nyuyorkda oturub bunu edəcəksə bunu necə önləməyi düşünür qanunvericiliyi dəyişən tərəflər?

4. Mövcud qanunvericiliyə görə CM 147 və 148-ci maddələrində nəzərdə tutulan məsuliyyətin işlədilməsi ancaq hüququ pozulan şəxsin xüsusi ittiham qaydasında mümkündür. Şəxs xüsusi ittiham qaydasında iddia qaldırmalı və təhqirin yaxud böhtanın olduğunu sübut etməlidir. 148-1 maddədə bunu kim edəcək? Vətəndaş profilin saxta olduğunu hansı vasitələrdən istifadə edib sübut edəcək?

Yekunda təəssüflə qeyd etmək istəyirəm ki, hökumət rəsmilərinin tez-tez təkrarlanan bir ifadəsi vardı, “Bizdə internet azaddır”. İndi bu təklifi təqdim edənlər bu arqumenti rəsmilərin əlindən alır. Artıq bu maddələrlə interneti azad və ya qısmən azad kateqoriyasından azad olmayan hissəyə transfer edəcəyik.

Sonda bir düşüncəmi də vurğulamaqda fayda görürəm. Bu metodla saxta profildən yayılan təhqir və böhtanı önləmək mümkün olmayacaq. Çünki, saxta profil açmağı məqsəd qoyan şəxslər yəqin ki, onun bu tərəflərini hesabladıqları üçün saxtakarlığa gedirlər. Yəni ola bilər ki, həmin hesablar ölkə kənarından açılır yaxud xüsusi brozerlərdən istifadə edilərək, İP dəyişdirilərək açılır. Texniki olaraq bunun müəyyən edilməsi demək olar ki, mümkün olmaya bilər.

Geriyə bir ehtimal qalır, sosial şəbəkə aktivlərini kütləvi şəkildə bantitodeldə “dindirərək” bütün “saxta profillərin” siyahısını “birinci əldən” əldə etmək. Yəqin ki, maddə qüvvəyə mindikdən sonra bu metodla tez-tez “saxta profillər” “ifşa olunacaq”. Amma unutmayaq ki, ifşa olunanlar, sadəcə,  saxta profillər olmayacaq…

Gülnaz Qənbərli

Gununsesi.info