“İgidlərin sözü” kitabı təqdim olunub - FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadənin təşəbbüsü ilə “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirilib.
“İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada Vaqif Poeziya günlərində olmuşdu.

Gununsesi.info xəbər verir ki, budəfəki kitab təqdimatında Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin məsul nümayəndələri, şəhid ailələri və övladları, Vətən müharibəsi iştirakçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

HTML tutorial

Azərbaycan himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd edib. Qanları ilə tarix yazan igidlərin, həm də tarixdə qalacaq sözlərinin bir kitabda şeir kimi toplanmasını alqışlayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da qazilər və şəhid analarına kitabda sözləri əbədiləşənlərin məqamının ucalığından bəhs edib. Deputat deyib ki, “İgidlərin Sözü”  layihəsi  hər kəsin könlücə olan, ürəkləri riqqətə gətirən layihədir.

“YAŞAT” fondunun  sədri Elvin Hüseynov bildirib ki, bu gün Azərbaycanın mərd oğulları sözün həqiqi mənasında tarixi ədaləti  bərpa edirlər.
“Biz çalışırıq ki, qazilərimizin yanında olaq, onlara dəstək verək. “İgidlərin sözü” kitabı vətən uğrunda döyüşən igidlərimizin həm də sözlərini əbədiləşdirib”.

“İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk layihənin  asan başa gəlmədiyini qeyd edib.

“Redaktoru olduğum “İgidlərin Sözü” antalogiyasında söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi bütövləşdim! Bu sözləri yazan igidilərin hər biri Vətəndir! Kitab Türk dünyasının savaş igidlərinin yaradıcılığından bəhs edən ilk qaranquşudur, ilk antalogiyadır. “İgidlərin sözü” antologiyasında  aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov, baş gizir Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, şəhid əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Mayıl oğlu Nəbiyevin də şeirləri yer alıb”.

Təqdimatın ədəbi-musiqili hissəsi də Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilib. Vətən Müharibəsi qazisi Məbud Əhmədov yaralı olarkən təcili yardım otağında oxuduğu “Anadır arzulara hər zaman Qarabağ” mahnısı ilə türk dünyasında məşhurlaşmışdı. Bu dəfə də öz mahnısını qonaqlara ərməğan edib. Onu Vətən müharibəsi iştirakçıları Fərid Atazadə, şəhid Toğrul Hacıyevin qardaşı Toğrul Ülvi Hacıyev, eləcə də “Ritm alətləri” ansamblı, İdris Hüseynov, Hacıbala Həşimov müşayiət edib. 11 yaşlı Həzrət Əzizlinin də iştirakı böyük alqışlarla qarşılanıb.

Daha sonra Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev, Tamerlan Əsədov öz şeirlərini səsləndiriblər.

Tədbirə “Söz” və “İgidlərin Sözü” layihələrin müəllifi və  rəhbəri şairə Nigar Həsənzadə yekun vurub. O, Böyük Zəfəri yazanların heç vaxt unudulmayacağını vurğulayıb.

Gununsesi.info