
Venesuela paytaxtında iğtişaşlar zamanı 32 etirazçı xəsarət alıb.
Gununsesi.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, prezident Nikolas Maduronun əleyhdarları Karakasda “Xilaskarlar yürüşü” adlı aksiya keçirib.
Polis və Milli qvardiya bölmələri etirazçılara qarşı xüsusi texnika, gözyaşardıcı qaz və şırnaqlarından istifadə edib.
Aprelin əvvəlindən Venesuelada iğtişaşlar nəticəsində 60 nəfər ölüb, 1000-dək insan xəsarət alıb, 2600 nəfər saxlanılıb.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Gununsesi.info