Qarşıdan iki əsrin canlı əfsanəsi, korifey sənətkar, xalq, bəstəkar, estrada mahnılarının və əvəzsiz Azərbaycan (Şərq) muğamlarının gözəl bilicisi və ifaçısı, dillər əzbəri olan bir çox məşhur mahnıların bəstəkarı, SSRİ Xalq artisti, “Şöhrət” ordenli millət vəkili Zeynəb xanım Xanlarovanın növbəti doğum günü-yubileyi gəlir…
Cəmi 6 gün sonra-dekabr ayının 28-də ünlü sənətçi ömrünün 8-ci dekadasını başa vuracaq… Həmişə olduğu kimi, yenə şux, yenə qamətli, yenə ötkəm, yenə əsrarəngiz, yenə təkrarolunmaz, yenə bənzərsiz, yenə əsl sənət fədaisi (kimi)…
Ömrünün 60 ilindən çoxunu Azərbaycan və dünya mədəniyyətinə həsr edən, sözün əsl mənasında ömrünü sənət xərcləyən, şam kimi əridən bir azman, bir nəhəng…Bu 60 ildə də onunla bərabər (ondan həm əvvəl-həm sonra) çoxları səhnəyə gəlib-getdi (və getməkdədir)… Amma onun ZİRVƏsi yenə fətholunmaz və əlçatmazdır…Heç kim hələ onun endiyi – bir ünlü şairimizin təbirincə desək – ZİRVƏyə yüksələ, yaxın belə düşməyib (düşməyəcək də)…
Azərbaycan, Türk dünyası ( bütövlükdə dünya) mədəniyyətində Zeynəb Xanlarova ZİRVƏsi yalnız və yalnız ona məxsusdur, necə deyərlər, öz möhrüylə, öz imzası ilə…
O, Bakıda sadə, kasıb, amma qürurlu bir ailədə dünyaya gəldi, amma çox qıza zaman kəsiyində nəinki doğulduğu ailənin, məxsus-daşıyıcısı olduğu nəslin, üstündə ayaq açıb gəzdiyi şəhərin, bütövlükdə ölkəsinin- doğma, canından çox sevdiyi məmləkəti Azərbaycanın sərhədlərini aşaraq, Türk dünyasının, Şərqin, keçmiş Sovetlər Birliyi də daxil olmaqla dünyanın-milyonların sevimlisinə, əzizinə, doğmasına çevrildi… Yalnız və yalnız Allah-təala tərəfindən- İlahi vergi kimi verilən səsi, ifası, istedadı və bənzərsiz səhnə mədəniyyəti ilə…Onun SİYASƏTi də sənəti, yaradıcılığı kimi oldu-səmimi, saf, sadə, təkrarsız-bənzərsiz…
Millət vəkili kimi də sadəcə, deputat olmadı, MİLLƏTİnin VƏKİLi oldu (olmaqdadır)…Az dedi, saz dedi…Populistlikdən, parlament tribunasını (mikrofununu) “yağır” etməkdən uzaq oldu…Ürəyindən gələnləri (başqalarının eşitmək istədikləri və xoşladıqlarını yox) söylədi…
Azərbaycan dövlətinin qurucusu və banisi dahi öndər Məhəmməd Əmin Rəsulzadənin adını parlamentdə şax dilə gətirdi…Çoxları kimi əsə-əsə, titrəyə-titrəyə yox…
2003-cü ilin çətin-qarışıq günlərində – baş nazirin müavini Əli Həsənov demişkən, çoxlarının “nala-mıxa” vurduğu bir dönəmdə Zeynəb xanım parlamentdəki çıxışı ilə mərhum Heydər Əliyevə öz sonsuz sədaqətini bir daha nümayiş etdirdi… Yenə də mərd-mərdanə…
Budur elə Zeynəb Xanlarova ZİRVƏsinin əlçatmazlığı, ünyetməzliyi…
Zeynəb xanım haqqında saatlarla, günlərlə, həftələrlə, aylarla yazmaq, danışmaq olar…Çünki sonu – ucu-bucağı görünməyən bir ümmandır…
Gununsesi.info olaraq bu əlamətdar günü-doğum günü, yubileyi ilə də bağlı canlı əfsanəni öncədən təbrik edir, ona can sağlığı, uzun ömür, şəxsi, siyasi və səhnə həyatında növbəti uğurlar, nailiyyətlər arzulayır, həmçinin, onunla bağlı unudulmaz təəssüratlarını bölüşmək üçün Azərbaycan musiqi-ifacılıq mədəniyyətində xüsusi yer(lər)i olan sənətçilərin arzularını, təbriklərini təqdim edirik:
Xalq artisti Arif Babayev: “Nizaminin, Füzulinin qəzəllərini səsləndirməsi, tələffüzü özü bir sənətdir”
“Məndən ona ürəkdolusu sözlər var. Ondan saatlarla danışa bilərəm. Zeynəb Xanlarova görkəmli xanəndədir, ifaçıdır. Gözəl səsi var. Onun Nizaminin, Füzulinin qəzəllərini səsləndirməsi, tələffüzü özü bir sənətdir. Gözəl Leylidir. 30 ilə yaxın birgə “Leyli Məcnun” operasında tərəfmüqabili kimi bir səhnədə rol almışıq. Onunla birgə tarixə yazılmış lent yazımız var, yol yoldaşı olmuşuq. Bu gün də tədbirlərdə görüşürük. Çox səmimidir, bu dəqiqə Zeynəb xanım millət vəkilidir. Buna baxmayaraq, bir-birimizə hörmətimiz, səmimi münasibətimiz var və olacaq. Onun xətrini bir sənətkar kimi çox istəyirəm, hörmətim olub, olacaq da. Ona can sağlığı, xoş günlər arzu edirəm. Yeni ildə yeni xəbərlər eşitməsini diləyirəm…”
Xalq artisti Sadıq Zərbəliyev: “Yoldaşlığına ,insanlığına söz ola bilməz”
“Dünya miqyaslı sənətkardır. Azərbaycan xalqının fəxridir. Neçə ildir ki, onunla birgə çalışırıq. 4 dəfə Amerikada, Yaponiyada olmuşuq, SSRİ vaxtı heç kim Türkiyəyə getməmişdi, amma biz getmişik. Bir çox ölkələri gəzmişik. Yoldaşlığına ,insanlığına söz ola bilməz, sənəti də göz qabağındadır. Ondan danışmaqla qurtarmaq olmaz. Böyük insandır”.
Xalq artisti Aftandil İsrafilov: “Zeynəb xanım elə bir iz buraxıb ki, danışmaqla bitməz…”
“Zeynəb xanımı tək mən yox, bütün dünya azərbaycanlıları dekabr ayının sonuncu günlərində onu doğum günü münasibəti ilə təbrik edir. Mən həmişə birincilərdən sayılmışam. Ona can sağılığı arzu edirəm. Zeynəb xanım elə bir iz buraxıb ki, danışmaqla bitməz. Oxuduğu mahnılar, musiqilər hamısı bu gün də məşhurdur. İndi də müğənnilər onun mahnılarına müraciət edir. O,dövlətimizin sənətkarıdır. Xalq da onu çox sevir. Onun arzuları çoxdur. Əvvəl necə gənc sənətkar kimi xatırlayırıqsa, elə də gözümüzün qarşısındadır. 1970-ci il idi, qastrol səfərinə qatarla getmişdik. O, qədər insan var idi, iynə atsaydınız, yerə düşməzdi. Mən məcbur olub, qatarın pəncərəsindən çıxmışam(gülür)… Bunlar hamısı mənim gözümün qarşısında olub. Yaxşı ki, mən onları görmüşəm və necə dəyərli biri olduğunu bilmişəm…”
Xalq artisti Səkinə İsmayılova: “30-40 il öncə Azərbaycanı dünyaya tanıdan 2-3 insan var idisə, onlardan biri də Zeynəb xanım Xanlarova idi”
“Zeynəb Xanlarova sözün əsl mənasında bizim böyük sənətkarımızdır. Böyük bir yaradıcılıq ömrü keçib. Həm musiqimizə verdiyi xidmətlərinə görə, həm də Azərbaycanımızın dünyada tanıdılmasında əvəzsiz rolu var. Onun əməyi danılmazdır. 30-40 il öncə Azərbaycanı dünyaya tanıdan 2-3 insan var idisə, onlardan biri də Zeynəb xanım Xanlarova idi. Bu gün də Vətəninə olan sevgisi, həm indiki gənclərə, həm də gələcək nəsilə bir örnəkdir. Böyük bir məktəb görüb. Seyid Şuşinski kimi müəllimin tələbəsi olan xanımdır. İstər mahnı janrında, istərsə də muğam janrında Zeynəb xanım böyük işlər görən ifaçılarımızdandır. Onun zamanında oxuduqları bu gün bizim üçün məktəbdir. Muğam ifaçısı kimi o öz parlaqlığını göstərib. Xanım ifaçılar arasında ilk dəfə “Çahargah” muğamını ifa edib.
Fəxr edirəm ki, ondan gələn cəsarətdən sonra həmin muğama müraciət edən mən olmuşam. Qürur duyuram ki, onunla eyni səhnəni paylaşmışam. 30 ilə yaxın Opera Balet Teatrının solisti olmuşam. Zeynəb xanımın tamaşalarını görmüşəm. Oynadığım Leyli, Əsli, Şahsənəm obrazlarında ondan bəhrələnmişəm. Yubileyi münasibətilə təbrik edirəm. Ən böyük nemət olan can sağlığı arzu edirəm. Əgər canı sağlamdırsa, deməli, Zeynəb xanım səhnədədir. Haqqında çox deyə, hətta, kitab belə yaza bilərəm. Nəinki bugünkü nəsillər, gələcəkdə də hər kim musiqi tariximizi vərəqləsə, Zeynəb xanımın adı orada parlaq sətirlərdə yazılacaq. Bu, dünən də belə idi, bu gün də belədi, sabah da belə olacaq”.
Xalq artisti Əlibaba Məmmədov: “Onun kimi istedadlı insan, xanəndə hələ mən görməmişəm”
“Zeynəb xanım bir dənədir, həmişə də elə olacaq. Sinif yoldaşım olub, onun kimi istedadlı insan, xanəndə hələ mən görməmişəm. Özüm də istedadlı olmuşam, amma onun qədər yox. Saatlarla danışaram. O, dünyanın xanəndəsidir. Onun gördüyü işləri hələ heç kim görməyib. Həmişə yenilik axtarışında olub. Görün nə qədər bir-birindən gözəl mahnılar qoyub, eyni zamanda, onları dünyaya tanıdıb. 80 yaşı heç vermək olmur. Allah onu bizim xalqımıza çox görməsin. Çünki o, həmişə sevilib, indi də sevilir”.
Kamil HƏMZƏOĞLU
Sevinc Xeyrulla
Gununsesi.info