“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda iki kəndin yolu təmir olunub.
Gununsesi.info-nun məlumatına görə, ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir-tikinti işləri 1,1 kilometr uzunluğunda olan Çay üzü və 2,3 kilometrlik Perimbel kəndlərinə gedən avtomobil yollarında aparılıb. Təmir işləri çərçivəsində Çay üzü kəndinə gedən avtomobil yoluna 9 metr enində 9 min 900 kvadratmetr sahəyə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 6 min 600 kvadratmetr sahəsi 6 metr enində asfaltlanıb. Bundan başqa, hər bir istiqamət üzrə 1,5 metr enində olan çiyinlər qum-çınqıl qarışığından yenidən düzəldilib. Bu işlər 3 min 300 kvadratmetr sahəni əhatə edib.
Analoji işlər Perimbel kəndinə gedən yolda da aparılıb. Belə ki, yolun 16 min 100 kvadratmetr sahəsinə 7 metr enində çınqıl əsası tökülərək, kipləşdirilib və asfaltlanma işləri aparılıb. Yolun 10 min 350 kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib. Hər iki istiqamət üzrə 6 min 900 kvadratmetr sahədə 1,5 metr enində çiyinlərin yenidən düzəldilməsi işləri aparılıb.
Gununsesi.info