İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif

  • By admin
  • 25 Sentyabr 2020 18:16

Gəncədənin  Kəpəz və Nizami rayon İcra Hakimiyyətləri ləğv olunmalıdır. Məsələyə Milli Məclisin Regional komitəsində baxılıb plenar iclasa tövsiyə oluna bilər.

Gununsesi.info bildirir ki, bunu Modern.az-a açıqlamsında Milli Məclisin Gəncədən olan deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, hazırda Gəncədə iki rayon, bir şəhər olmaqla, üç İcra Hakimiyyəti var:

“1980-ci ilə qədər Gəncədə rayon olmayıb, yalnız o vaxtkı Şəhər Partiya Komitəsi tərəfindən idarə olunub. 1980-ci illərdə Gəncə və Kəpəz rayonları yaradıldı. Çox güman ki, o vaxt mərhum Prezident Heydər Əliyevin arzularından biri hansısa şəkildə Gəncənin adının əbədiləşdirilməsilə bağlı idi. 1989-cu ildə Gəncənin adı özünə qaytarılandan sonra şəhərdə eyni adda həm rayon, həm şəhər olmasın deyə Nizami rayonunu da yaratdılar. Amma 40 il ərzində bu rayonların heç birinin əməli fəaliyyəti olmadı, formal olaraq fəaliyyət göstərdilər.

Rayonun partiya komitəsi oldu, partiya komitəsinin katibləri oldu, müstəqillik dövründə İcra Hakimiyyəti oldu, amma bütün qərarlar Şəhər İcra Hakimiyyəti tərəfindən verildi.

Bir şəhərdə 3 İcra Hakimiyyəti qurumunun olması, üçünün də eyni fəallıqla şəhərə rəhbərlik etməyini mümkünsüz edir. Ona görə də bütün qərarlar şəhər İcra Hakimiyyəti tərəfindən verilir”.

Musa Quliyevin sözlərinə görə, həm Kəpəz, həm Nizami İcra Hakimiyyətləri formal olaraq fəaliyyət göstərirlər:

“Vətəndaşlar bütün müraciətləri şəhər İcra Hakimiyyətinə edirlər. Şəhərin bütün iqtisadi, sosial, siyasi tədbirləri şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunur və həyata keçirilir. Şəhər İcra Hakimiyyəti tərəfindən canlı orqanizm kimi istifadə olunur.

Belə bir halda rayon İcra Hakimiyyətlərinin mövcudluğu problemləri həll etməkdən çox, əngəl törədir. Formal olaraq, vətəndaş əvvəlcə yaşadığı rayon İcra Hakimiyyətinə müraciət etməlidir, daha sonra bu qurum müraciəti öz məktubu ilə birgə Şəhər İcra Hakimiyyətinə göndərməlidir. Bundan sonra Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı qərar verməlidir. Bu da idarəçilikdə həm operativliyi ləngidir, həm də vətəndaşların problemlərinin həlli gecikir. Ona görə də hesab edirik ki, Gəncədə bir İcra Hakimiyyətinin olması daha məqsədəuyğundur.

Nəzərə alsaq ki, idarəetmədə daim islahatlar, təkmilləşmələr aparılır. Bunun davamı kimi idarəetmənin yavaş-yavaş yerli bələdiyyələrə ötürülməsi aparılmalıdır. Bu gün Gəncədə üç rayon İcra Hakimiyyətinin olması tələblərə cavab vermir. Onu da qeyd edim ki, rayon İcra Hakimiyyətlərində mərkəzi İcra Hakimiyyətlərindəki qurumların çoxusu yoxdur. Məsələn, Təhsil, səhiyyə, mədəniyyət və s. yalnız şəhər İcra Hakimiyyətindədir.

Ona görə də məntiqə uyğundur ki, üç İcra Hakimiyyəti vahid mərkəzdə birləşdirilsin”.

Gununsesi.info