İki məmurun hikkəsi yoxsa hüququn aliliyi qələbə çalacaq?

  • By admin
  • 01 Oktyabr 2019 17:10

Ali Məhkəmənin oktyabrın 8-də verəcəyi qərar bu suala aydınlıq gətirəcək.

Azərbaycan hökumətinin məmur-vətəndaş münasibətlərinin normallaşdırılması, bütün sahələrdə dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rüşvət, korrupsiya, süründürməçilik və s. bürokratik əngəllərin aradan qaldırılması, vətəndaş məmnunluğunun təmin olunması strategiyası bəzi hallarda məmur hegemonluğunun, onlarla işbirliyində olan məhkəmələrin qanunsuz hərəkətləri ucbatından sabotaj olunur.

Bu günlərdə bir qrup səhmdarın vicdanlı mətbuata müraciətində əks olunan faktlar çox dərin təəssüf doğurur. Xüsusən, ağılasığmaz qanunsuzluqların içində məmur adlarının hallanması, məhkəmə qərarlarının yer alması hökumətin xoşməramlı addımlarına inamı kəskin azaldır.

Söhbət hansı faktdan gedir:

Bakı şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin keçmiş rəhbəri Faiq Məmmədov əlindəki rıçaqlardan istifadə edərək bir qrup səhmdarın əmlakına şərik olur və sonra onu bölüşdürmək üçün bütün “gücünü” işə salır.

Səbail rayonu, Rəsul Rza küçəsi 23 ünvanında yerləşən “Şah market” adlı xüsusi mülkiyyət 1998-ci ildə qanuni şəkildə özəlləşdirilib və Əmlak Komitəsində ASC kimi qeydiyyata alınıb. Lakin özəlləşdirmədən bir müddət sonra obyekti işlətmək mümkün olmayıb. Çünki Faiq Məmmədov onlara  “ya obyektdən mənə də 20 faiz pay ayırın, ya da mümkün deyil” ultimatumu verib. Səhmdarlar da məcbur qalıb məmurun dediyini ediblər. Amma sənədlər ortaya çıxanda məlum olub ki, vəzifəsindən sui-istifadə edən F.Məmmədov əmlakdan 20 deyil, özünə 30 faiz pay yazdırıb. Beləliklə, məmur zorla ASC-nin üzvlərindən birinə çevrilib. Amma bununla da kifayətlənməyib, əmlakın bölünməsi, öz payının ayrılması üçün məhkəməyə baş vurub.

F.Məmmədov və nümayəndəsi ASC-dən 30 faiz payı qarşılığında ona təxminən 200 kv.m. sahənin natura qaydasında ayrılması barədə iddia ilə  Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etsə də niyyətinə çatmayıb.

Məhkəmə 16 yanvar 2014-cü il  tarixli qətnaməsi ilə bu iddianı rədd edib. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də həmin qətnaməni qüvvədə saxlayıb.

Bundan sonra baş verənlər, Faiq Məmmədovun əl atdığı və “uğur” qazandığı yollar Azərbaycanda məhkəmə hakimiyyətinə inamı sıfıra endirir, sahibkarlara qarşı məmur hücumunun sərhəd tanımadığını ortaya qoyur. Çox təəssüf ki, ASC üzvlərinin ictimailəşən kəskin etirazlarına rəğmən həyata keçirilən qanunsuzluğa dövlət qurumlarından heç bir reaksiya gəlmir. Əksinə, daha yüksək ranqlı ədliyyə məmuru prosesə dəstək verir, bir neçə məhkəmə instansiyası da işə öz “mübarək” imzalarını atırlar.

Belə ki, Faiq Məmmədovu ASC-də “Caspian Servise” şirkəti adı ilə formal olaraq təmsil edən Vəli Kərimov İnzibati-İqtisad Məhkəməsini kənara qoyub Səbail rayon Məhkəməsinə müraciət edib. Səhmdarların mediaya müraciətindən bəlli olur ki, V. Kərimov heç “Şah market”in harada olduğunu bilməyən, ünvanını başqalarından soruşan, bir dəfə də olsun səhmdarların toplantılarında iştirak etməyən şəxsdir. Görünür, onlar “uğurun” qısa yolunun bu məhkəmədən keçdiyinə əvvəlcədən əmin olublar. 2018-ci, martın 2-də işə Səbail rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov baxır  və “Caspian Servise”nin iddiasını təmin edir. Bu zaman əvvəl işlə bağlı İnzibati İqtisad Məhkəməsinin qətnaməsini və daha yuxarı instansiyaların qərarlarını incələməyə ehtiyac duymur. Çünki Faiq Məmmədovun yaxın qohumu və hazırda əsas havadarı olan Fuad Cavadovun rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hüquqi cəhətdən naşı, qeyri-qanuni və subyektiv rəyinə əsaslanıb.

Prosesin Bakı Apellyasiya Məhkəməsi mərhələsi daha dramatik notlarla yadda qalıb: “Daşınmaz “əmlak”la “səhm” anlayışlarını fərqləndirə bilməyən, bu məhkəməyə sədrlik edən Məmməd Məmmədov aşağı instansiya məhkəməsinin qərarını, demək olar, qüvvədə saxlayıb. Hakim işi o qədər tələm-tələsik, ayaqüstü, məhkəmə sisteminə yaraşmayan formada aparıb ki, səhmdarlar ağızlarını açmağa belə macal tapmayıblar. Bundan başqa, Apellyasiya Məhkəməsi ASC-nin digər üzvlərinin Səbail rayon Məhkəməsinin qətnaməsindən verdiyi qanuni şikayətə baxmağı da artıq iş hesab edib. Hakim işi dəqiq öyrənmədən, ASC üzvlərini dinləmədən, araşdırma aparmadan olduqca ədalətsiz qərar qəbul edib.

Sentyabrın 24-də Ali Məhkəmdə qarşı tərəfin kasasiya şikayəti üzrə proses keçirilib. Gözlənildiyi kimi, Faiq Məmmədovun “adamı” Vəli Kərimov səhhətindəki “çox ciddi” problemi əsas gətirərək məhkəmədə iştirak etməyib. Hakim iddiaçıdan barışıq imkanının olub olmadığını, qarşı tərəfin iştirakı ilə prosesin davam etdirilməsi barədə fikirlərini soruşub. Nəticədə hakim iddiaçının razılığı ilə işə oktyabrın 8-də baxılmasına qərar verib.

Bu prosesdə “Şah market” ASC-nin qanuni nümayəndəsi və səhmdarı, ağbirçək Qənirə Hacıyevanın hakimlərə müraciəti məhkəmə zalında gərgin ab-ahava yaradıb. O əsasına söykənərək haray çəkib hakimlərdən ədalət, bu qanunsuzlğa, özbaşınalığa, hüquqi nihlizmə son qoyulmasını istəyirdi:

“Möhtərəm hakimlər, Sizi and verirəm, bu Məhərrəmliyin adına, Faiq Məmmədovun zülmünə son qoyun, heç olmasa işi Apellyasiya məhkəməsinə qaytarın… Faiq Məmmədovun məqsədi saxta yolla ASC-nin dağıdılmasına və parçalanmasına nail olmaq, əmlakımızı ələ keçirməkdir. O “Bakı” Univermağını, “Təzə Bazar”ı, digər iri obyektləri də bu yolla parçalayıb, özünü, qohumlarını zor gücünə səhmlərə şərik etməklə məqsədinə nail olub. Onun əl qoyduğu işlərin heç birindən hələ ki xeyir görən olmayıb… 2014-cü ildən bu işə məhkəmələrdə baxılır. Adını hələ ki çəkmək istəmirəm, iki vəzifəli qohumunun vasitəsilə məhkəmələrə təsir edərək başımıza müsibətlər gətirməkdədir… Azərbaycanın pullarını oğurlayıb xaricə qaçan bir insan indi burda da bizi dinc yaşamağa qoymur… Cənab Prezident İlham Əliyev sahibkarlığa yaşıl işıq yandırıb, şərait yaradır, sabitliyin qarantıdır, Allah köməyi olsun. Belələri isə min bir hoqqalarla narazılıq yaradır. Bunlara son qoyulmalıdır…”.

Q.Hacıyevanın bu çxışının hüquqi dəlilləri Ali Məhkəməyə ünvanladıqları kassasiya şikayətində əskini tapıb, aşağı məhkəmə instansiyalarının nə qədər qeyri-obyektiv, ədalətdən uzaq qərar verdikləri əsaslandırılıb.

Medianın diqqət mərkəzində olan bu çəkişmə ilə bağlı Ali Məhkəmənin verəcəyi qərar çox önəmlidir. Bu, təkcə səhmdarların hüquqlarının bərpası demək deyil. Azərbaycan Respublikası adından hökm edən hakimlərin ölkə miqyasında bir qanunsuzluğu durdurması, sahibkarlara, qanuna hüquqi münasibəti özündə əks etdirəcək. Eyni zamanda Azərbaycanda ölkə rəhbərliyinin elan etdiyi məhkəmə-hüquq sahəsində başlanan islahatlara cəmiyyətin inamının bərpa olunmasında mühüm amil olacaq.

 

Gununsesi.org