İki milyardın hesabatı niyə verilmir? - EKSPERTDEN MALİYYƏ NAZİRLİYİNƏ İTTİHAM

  • By admin
  • 06 Noyabr 2018 11:18

 

Azərbaycanda hesabatlılıq sahəsində ciddi çatışmazlıqları olan qurumlardan biri də Maliyyə Nazirliyidir. Bu qurum idarəetməsində olan vəsaitlərlə bağlı ictimaiyyətə demək olar ki, heç bir məlumat açıqlamır.

“Qafqazinfo” xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda Dövlət Neft Fondu, Mərkəzi Bankdan sonra irihəcmli dövlət vəsaitlərinin toplandığı 3-cü mənbə Maliyyə Nazirliyidir: “Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var. Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 milyard dollara yaxın valyuta aktivlərini nəzərdə tuturam. Amma üçüncü mənbə də var – Maliyyə Nazirliyinin sərəncamında olan və məbləği 1.2 milyard dollara yaxınlaşan ehtiyatlardan söhbət gedir”.

Ekspert bildirir ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür: “Əgər büdcə kəsirini qapatmaq və ya normativ çərçivəsində müdafiə olunan xərc maddələrinin maliyyələşməsinə sərf edilmirsə, həmin vəsaitlərin tamamı vahid xəzinə hesabında ehtiyat kimi qalır. Bu ehtiyatların saxlanmasına və idarəetməsinə isə Maliyyə Nazirliyi səlahiyyətlidir. Təəssüf ki, Neft Fondunun ehtiyatlarından fərqli olaraq dövlət büdcəsinin xəzinə qalıqları hesabına formalaşan ehtiyatların idarəçiliyi ilə bağlı hesabatlılıq çox məhduddur, Maliyyə Nazirlyinin saytında bu barədə, ümumiyyətlə, məlumat yoxdur.

Amma indi Hesablama Palatası ilk dəfə xeyli informasiya açıqlayıb. Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 milyard manatdır. Onun 981 milyon manatı qanunvericiliyə uyğun olaraq saxlanmaq üçün Neft Fonduna, 19.8 milyon manatı isə Beynəlxalq Banka verilib, daha 163 milyon manatı KapitalBankda yerləşdirilib. 147,6 milyon manatı isə digər kateqoriyalara aid edilməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “Azərbaycan Dəmir Yolları” QSC-yə il ərzində qaytarmaq şərti ilə büdcə ssudası kimi verilib. Təsəvvür edirsiniz, dövlətin maliyyə resurslarının istifadəsinin qanunauyğunluğuna birbaşa səlahiyyətli olan Maliyyə Nazirliyi qanunda nəzərdə tutulmadığı halda, dövlət resurslarını dövlət şirkətlərinə borc verir”.