İki rayonda 335 fərdi yaşayış evi təbii qazla təmin edilib

  • By admin
  • 16 İyul 2021 19:49

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində yeni yaşayış massivlərinin, kəndlərin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini sürətlə davam etdirir.

 

HTML tutorial

Gununsesi.info  “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Yardımlı rayonunun çətin relyef şəraitində yerləşən Vəlixanlı və Köyrədi kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması işləri başa çatıb.

 

Ucqar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi hər iki kənddə indiyədək mavi yanacağın olmaması kənd sakinlərinə xeyli çətinlik yaradıb. 70 fərdi yaşayış evi olan Vəlixanlı kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 6 277 metr olan müxtəlif diametrli polad borulardan istifadə olunub. Köyrədi kəndində yerləşən 206 fərdi yaşayış evini mavi yanacaqla təmin etmək üçün isə 13 180 metr uzunluğunda polad borulardan istifadə olunub.

 

Ağcəbədi rayonunun Şahmalılar kəndinin də mavi yanacaqla təmin olunması işləri yekunlaşıb. 59 fərdi yaşayış evi olan kəndin qazlaşdırılması üçün 9 917 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.