İki şagird, iki deputat - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 15 Noyabr 2017 17:36

A teşti, teşti, teşti,
Burdum, Gilanı keşdi.
İki
xoruz dalaşdı,
Biri
qana bulaşdı.

Bu günün gündəminə nəzər salanda şəxsən mənim yadıma uşaq vaxtımızın bəzi oyun nəğmələri düşür. Məsələn, gizlənpaç oynayanda hamı dövrə vurub dayanar, aramızdan bir nəfər bu tip nəğmələrlə uşaqları bir-bir ələkdən ələyərdi. Axıra qalan uşaq gözlərini yumar, biz qaçıb gizlənərdik.

İndinin uşaqları bizim oyunlarımızdan oynamırlar, indinin uşaqları  yumurtadan çıxmamış böyük oyunlara bulaşmaq istəyirlər. Məsələn, biz “Bənövşə, bəndə düşə”oynayırdıq, indikilər az qala ibtidai sinifdən Bənövşələrin taleyi ilə oynayırlar.

Bizimki “iynə-iynə, ucu düymə”ydi, bunlarınkı konkret iynədir.

Biz “əlimi bıçaq kəsibdi, dəstə bışaq kəsibdi” oxuyurduq, indikilər bıçaqla bir-birlərinin qətlinə fərman oxuyurlar.

Zəmanə dəyişib, orta məktəblərdə kriminal xarakterli hadisələr hər gün bizi bir az daha təəccübləndirir. Bu gün Ceyranbatan məktəbində baş verən hadisə də onlardan biridir.

Deməli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb. Məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərova dava edənləri ayırmaq istəyəndə davada iştirak edənlərdən birinin təpiyi qadına dəyib. Zərbə o qədər güclü olub ki,  Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilən qadının həyatını həkimlər xilas edə bilməyiblər. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.

Qan getdi çaya düşdü,
Çaydan göyərçin uşdu.
Göyərçin, alabaxta,
Yuvası qəlbi, taxta.
Görüm onu kim vursa,
Qan qussun laxta-laxta.

Bu məktəblərimizin vəziyyəti. İndi də deputatxanamızın vəziyyətinə baxaq. Konkret olaraq Fəzail Ağamalıyla Fəzail İbrahimlinin insidentinə. Deyək ki, o birilər uşaqdır, beyni qandır, yaxşı bəs deputat dediyin kəslərə nə gəlib? Onlar niyə biri-birinə təpik atır görəsən? Yox, bu təpik o təpikdən deyil. Hərçənd, o təpikdən də ola bilər ha. Nədən ki, Fəzail Ağamalının deputatlıq təcrübəsində təpikdən daha betəri var. Sillə. Silləyə də biz uşaq vaxtı belə bir şeir qoşmuşduq.

Şillə yaman çatdadı

Bomba kimi partladı.

Həqiqətən də Fəzail Ağamalının Hüseyn Abdullayevə vurduğu sillənin səsi sizi bilmirəm, mənim hələ də qulağımdadır. Məhz o sillənin zərbəsindən bəstəkar deputat uçub düz Almaniyanın göbəyinə düşdü. İndi də yenidən öz göbəyinin kəsildiyi yerə qayıtmaq istəyir. Özü də prezident kimi. Adama artıq eşitdiriblər ki, get mahnını bəstələ. Adam da qayıdıb deyə ki, bəstəliyim eyy, amma kimdir oxuyan? Hanı o şöhrət, hanı o populyarlıq, hanı o Zülfiyyə Xanbabayeva, hanı o  qoçu dəstəsi, hanı o Milli Məclis, hanı Fəzail Ağamalı…

Hə, elə Fəzail Ağamalıda qalmışdıq. Deməli, Fəzail Ağamalının bu dəfəki  hədəfi öz adaşıdır. Bilənlər bilir, biməyənlərə mən ərz edim. Bir-iki həftə əvvəl mətbuatda piyadanı vuran deputat oğlu kimi Fəzail Ağamalının oğlunun adı hallandı. Bu gün Fəzail Ağamalı açıb sandığı, töküb pambığı… Sən demə qəzanı Fəzail İbrahimlinin oğlu törədb, amma mətbuat Fəzailləri səhv saldığı üçün hədəfə Ağamalının oğlu gəlib. Fəzail İbrahimli isə səsə salmayıb susub. Çünki, belə sərf edir axı. Məmur balalarının avtotragediyaları fonunda Fəzail İbrahimli susmağı və diqqəti başqa səmtə yönəltməyi daha məqsədəuyğun bilib. Fəzail Ağamalı adaşının bu hərəkətini namərdlik adlandırıb. İbrahimli də Ağamalını bioqrafiyası ilə hədələyib.Təxminən uşaq vaxtı oynadığımız  oyun nəğməsi kimi.

Gəl sənə hannan deyim

Köhnə zamandan deyim

Xəlbir samandan deyim…

Nə isə, bunların söz davası bitəcək. Yazıq, məktəblilərin badına gedən o xadiməyə.!

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info