İki sehirli kəlimə! - TÜRKAN TURAN YAZIR

  • By admin
  • 22 İyun 2017 23:47

19427808_1761564870525516_934766920_n

İşsizlik, cinayət, iqtisadi böhran, terror, müharibə, izahı mümkün olmayan stress dalğasının altında yaşayırıq. Bizi bu və buna bənzər gərginliklər soyuqlaşdırır. Zaman keçdikcə təbəssüm azalır, azaldıqca sözlər dilimizdən bəzəksiz yayılmağa başlayır. Çünki ünsiyyətdə sözün bəzəyi təbəssümdür.

Təbəssümün sözə çevrilmiş forması isə, təşəkkür etməkdir. Təşəkkür etmək rahatlığa, sakitliyə və fərqliliyə açılan qapıdır.

Böyük sərmayə yatırmadan, ən gəlirli investisiyasıdır, təşəkkür etmək. Sevgi kimi…

Sevgi daxil, bir çox dəyərin maddiyatla ölçüldüyü bu günlərdə, bəlkə də, ağırlıqlardan uzaq qalmağın, qəlblərdə taxt qurmağın sehirli şifrəsidir, bu iki söz.

Səhərdən axşama qədər sizin üçün işləyən birinə təşəkkür edin, hər nə qədər işinizi görmək məcburiyyətində də olsa. Bu iki kəlimə onun yorğunluğunu azaldacaq, bəlkə də, günün bütün stresini çiyinlərində daşımasına mane olacaq.

Çatılmış qaşların, əsəbdən gərgin üzlərin, fikirdən dalğınlaşan gözlərin birbaşa təsir vasitəsidir, təşəkkür etmək.

Günlərin ley kimi şığıyıb getdiyi ömürdə, nə qədər təşəkkür etdiyinizi heç düşünmüsünüz?

Təşəkkür etmək qaranlıq ruhu aydınladır. İnsana önəmli olduğunu hiss etdirir, yarımçığı tamamlamağa vadar edir.

Təşəkkür edin! Qısa intervalla bardağınıza şərab dolduran, o yorğun ofisianta da təşəkkür edin. Bunu təkrar-təkrar edin! Görəcəksiniz, digər masalara istəksiz, amma məcbur yaxınlaşsa belə, sizin masaya xoş ovqatla gələcək.

Saatlarla söhbət edib, amma yorulmadığınız, dostlarınıza təşəkkür edin. İş yerinizin mətbəxtində, hər gün sizə yemək isidib verən, otağınıza gələn qonaqları çaysız, qəhvəsiz göndərməyən, o nurlu xanımları da unutmayın. Ən böyük təşəkkür onlara düşür.

Sevgilinizə təşəkkür edin. Qarşınıza çıxdığı üçün, gözlərinə baxıb hüzuru tapdığınız üçün, onu qucaqlayanda dünyaya sarıldığınızı hiss etdirdiyi üçün, dəfələrlə təşəkkür edin.

Minlərlə kilometr uzaqda yaşasa da, ürəyi yanınızda olan, eyni qandan olmayıb, canınızın bir parçası kimi hiss etdirəcək qədər doğma olan insanlara təşəkkür edin.

Onsuz da əziz olduqlarını bilirlər, amma arada “Varlığın üçün təşəkkür edirəm” cümləsini mütləq yazın.

Hətta sizi atıb gedənlərə, üzünüzə baxmayanlara da, təşəkkür edin. Bir zamanlar onlar getməsəydi, bu gün varlığına şükranlıq duyduğunuz insanlar olmazdı axı…

Sizə səbr göstərən, kobudluqlarınıza dözən, sevməkdən vazkeçməyən insanlara təşəkkür edin!

Saymaqla bitməyən, amma həyatınızın istənilən anında, təsadüfən belə olsa qarşınıza çıxan insanlara da, təşəkkür edin.

Özünüzlə tək qalanda gözlərinizi yumun və həyatda kimlərə və nələrə minnətdarlıq hissi duyduğunuzu düşünün. Bunu fikirləşmək belə insana rahatlıq verir.

Sizə nəzakətli davranan, həyatınızda olan, varlığınıza dəyər qatan insanlar təşəkkürə sözsüz layiqdirlər. Bəzən bunu ertələyirik. Çox vaxt gecikirik.

Hər insanın həyatının çətin dönəmləri olur. Mübarizələrinizin olduğunu və həyatınızın darıxdırıcı olmadığı üçün şükr edin. Bu mübarizələrdən dərs ala bildiyiniz üçün şükranlıq duyun.

Görə, duya, hiss edə bildiyiniz üçün şükr edin. Sağlamlığınız üçün təşəkkür edin. Allaha, Tanrıya, kainata, dünyaya, kim nəyə inanırsa ona təşəkkür etsin.

Birinə, sadəcə “Təşəkkür edirəm” deməklə belə, o insanın həyatında dəyişikliyə yol açmaq mümkündür. Bir zəng, bir mesajla təşəkkür edin. Hətta bir neçə dəqiqənizi ayırıb, onlara baş çəkin. Əmin olun ki, insanlar sizin həyatınızda varolduqları və etdikləri üçün təşəkkür etməyinizə görə xoşbəxt hiss edəcəklər. Bu sizə maddi dəyər qatmaya bilər, amma mənəvi olaraq içiniz dolub daşacaq.

Münasibətlərin çoxu gözləntili olduğu üçün insanlar adi bir zəngdən min fikrə düşə bilir. Zəng gələndə, “kim bilir, yenə nə işi düşüb” cümləsini ömrünüzdə bir dəfə də olsa, ya demisiniz, ya eşitmisiniz. Ürəyindən keçdiyi üçün qarşı tərəfə edilən zəng, dəyərli olduğu üçün axtarıldığını hiss etdirmək qədər gözəl duyğu ola bilməz. Başqasını xoşbəxt etmək, sizin də xoşbəxt olmanızı təmin edər. Elə bunun üçün telefona əl atıb, bunu ona da xatırladıb təşəkkür etməyə dəyər.  Bu yalnız bir və ya iki dəqiqə vaxt alır. Əgər zəng etmək üçün fürsət yoxdursa, içinizdən gələn səmimiyyətlə ona gözəl bir mesaj yazın. Ya da, ilk fürsətdə ona baş çəkib, məhz təkrar təşəkkür üçün gəldiyinizi deyin.

Təşəkkürün ardından insanın üzünə gözlənilmədən yayılan təbəssüm, yağışdan sonra torpaqdan gələn qoxu qədər möhtəşəmdir.

Dank(almanca), merci(fransızca), terima kasih(indonezyaca), thank you(ingiliscə), gracia(ispanca), tack(isveçcə), grazzi(maltaca), mahad(somlicə),hatur nuhun(sudanca), buraya sadəcə bir neçə dildə “təşəkkür” sığdıra bildim. Bu ifadə bütün dillərdə eyni zərifliyi daşıyır. Eyni zamanda hər dildə ən sadə, amma ən güclü ifadə formasıdır.

Birinə təşəkkür etmək ”Sən mənim üçün əhəmiyyətlisən”, “Səninlə münasibətdən məmnunam” mənasını verir. Bu əsrarəngiz ifadə, səmimiyyətlə və doğru zamanda səsləndirildikdə, qarşıdakını cadu kimi tilsimləyir.

Həyatda heç bir hədiyyə ürəkdən edilən təşəkkür qədər qiymətli ola bilməz. Yeganə sözdür ki, ölçüsüz, atılan gözəl addımın qarşılığında və hər kəsə qarşı istifadə edilə bilir. İnsana motivasiya verir, özünə inamı artırır.

Təşəkkür etmək də, üzr istəmək kimidir, insanı ucaldır. Əgər bu ifadəni candərdi desəniz, urvatdan düşəcək.

Hər kəsin təqdirəlayiq müvəffəqiyyəti mütləq olur. Yaşadığımız zaman ərzində, başqalarına təşəkkür etmək üçün, əlimizə xeyli fürsətlər düşür. Bu fürsəti əldən qaçırandan sonra gec olur. Elə isə gecikməyin.

Diqqət ayırdığınız üçün, təşəkkür edirəm.

Türkan Turan