İki xalq arasında dostluğun rəmzi -Məşhur Məmmədov yazır

  • By admin
  • 12 Aprel 2023 13:50

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm töhfə verdi. Komissiyanın indiyədək 18 iclas keçirilib. Sonuncu iclas ötən il iyulun 5-də Qazaxıstanda baş tutub.

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan nneft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.

Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri və Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.

Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

Qazaxıstanla qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.

Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.

Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimizlə nümunəyik. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

Prezident İlham Əliyevin Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.  Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir.

Türk dövlətlərinin birinin böyük şəhərində Heydər Əliyevin adına küçənin açılışı hər birimizin qəlbini qürurlandırdı.

Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir. Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini görürük. Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq.

Məşhur Məmmədov

Milli Məclisin deputatı