
Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra ölkədə ikihakimiyyətlilik rəsmiləşəcək və “Qarabağ klanı” arasında mübarizə daha da şiddətlənəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O, ilk öncə deyib ki, Ermənistndakı parlament seçkiləri konstitutsion islahatlardan sonra keçirilən ilk seçki olduğundan, ölkədəki siyasi qüvvələr üçün mühüm əhəmiyyət kəsb edir.
“Çünki konstitusion islahatlara əsasən ölkə parlamentli idarəetmə sisteminə keçib və bütün siyasi qüvvələr var gücü ilə bu oyunda uğur əldə etmək üçün imkanlarından istifadə edirlər”-deyə, politoloq vurğulayıb.
Həftənin sonunda keçiriləcək parlament seçkilərində daha çox hansı siyasi qüvvələrin şanslı olduğuna gəldikdə İ. Vəlizadə deyib ki, daha çox eks-prezident robert Köçəryana yaxın kadrlar və siyasi qüvvələr öz aktivliyi ilə seçilir.
“Düzdür, bundan başqa digər şanslı qüvvələr var, ancaq əsas mübarizə Robert Köçəryanın dəstəsi ilə Serj Sərkisyan komandası arasında gedəcək. Digər qüvvələr burada yardımçı rolunu oynayacaq”- deyə, o, bildirib.
Politoloq hesab edir ki, əsas mübarizə parlament seçkilərindən sonra başlayacaq.
“Hakimiyyət necə bölüşdürülsün, bax, əsas mübarizə o zaman başlaycaq. Sərkisyan hökumətin foralaşmasında mövqelərini itirsə də, hər vəchlə ən azından öz prezident kürsüsünü növbəti prezident seçkilərinə qədər qoruyub-saxlamağa çalışacaq. Bunun üçün o, bütün imkanlardan istifadə edib rəqiblərini ya neytrallaşdırmağa, ya da nüfuzdan salmaqla zərərsizləşdirməyə çalışacaq”- deyə, politoloq vurğulayıb.

İ. Vəlizadə birmənalı olaraq bildirib ki, seçkidən sonra Ermənistanda ikihakimiyyətlilik rəsmiləşəcək:
“Çünki baş nazir postunu tutacaq adam Serj Sərkisyanın komandasının adamı olmayacaq. Seçkidən sonra Robert Köçəryanın adamı baş nazir olacaq, elə yəqin ki, Köçəryanın kadrı olan Karen Karapetyan baş nazir kürsüsünü qoruyub-saxlayacaq. Və hər şey də bundan sonra başlayacaq.
Hakimiyyətdə nüfuz uğrunda mübarizə şiddətlənəcək. Necə deyərlər, hakimiyyətdəki “Qarabağ klanı” arasında mübarizə daha da şiddətli mərhələyə qədəm qoyacaq. Əgər Serj Sərkisyan özünü proseslərə uyğun olaraq adekvat aparmasa, o zaman hətta, vaxtından öncə prezident seçkiləri də baş tuta bilər. Hər şey Sərkisyan komandasının davranışından asılı olacaq”.
İ. Vəlizadənin fikrincə, Sərkisyan komandası nüfuzunu tamamilə xərclədiyindən öz mövqeyini saxlamaq üçün seçkidə saxtakarlığa, qanunsuzluqlara əl atmaq zorunda qalacaq:
“Ona görə də biz bazar günü keçiriləcək seçkilərin qalmaqallı olacağını indidən proqnozlaşdıra bilərik. Çünki Sərkisyanın rəqibləri də bunu bildiyindən müqavimət gösətərəcək və onun seçkiyə müdaxiləsini minimuma endirməyə çalışacaq. Bu da istər-istəməz ölkədə ictimai-siyasi proseslərin gərginləşməsinə yol açacaq”.

Moskvanın Sərkisyana dəstəyinə gəldikdə isə İ. Vəlizadə deyib ki, Kreml onun hakimiyyətdə qalmasına müəyyən mənada dəstək verəcək:
“Ancaq onu da anlamaq lazımdır ki, Moskva oyunlarını tam da Sərkisyan komandasının üzərində qurmayıb və onun tam tərəfdarı deyil. Moskva bilir ki, Ermənistanda hakimiyyətə gələn qüvvə onunku olacaq. Və ona görə də Sərkisyana elə də bel bağlamır. Moskva kim daha güclü olacaqsa, onu dəstəkləmək yolunu tutub”.
Mürtəza
Gununsesi.info












