İkinci boru kəməri onda reallaşacaq ki, Rusiya Avropa Komissiyası ilə razılığa gələ bilsin” - İLHAM ŞABAN

  • By admin
  • 11 Oktyabr 2016 16:50

 

Ilham Shaban

Türkiyə və Rusiya arasında dünən “Türk axını” ilə bağlı imzalanmış hökumətlərarası sazişə əsasən, 2 boru kəmərinin tikintisi nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bunlardan biri – 15,75 mlrd m3-luq Türkiyə bazarına, digəri isə Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürməlidir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ikinci boru kəməri üzrə bir çox detallar sənəddə öz əksini tapmayıb: “Əgər birinci boru kəməri üzrə bildirilirsə ki, quru hissənin sahibi türki şirkətidir, ikinci haqda hələ ortaq fikir yoxdur. Rusiya tərəfi hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna etirlər. Ona görə ki, ikinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya Avropa Komissiyası ilə tam razılığa gələ bilsin. Bu isə, Ukraynadan tranzit, Şimal Axını-2 kimi layihələrin müzakirəsindən keçir. Yəni konsensus necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq”.

Ekspert hesab edir ki, bu baxımdan “Türk axını” layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı: “Türkiyə bazarına “Türk axını” ilə faktiki olaraq 2020-ci ildə hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kub metr çox qazın artması planlaşdırırlır. Bu, elə də böyük həcm deyil.Ancaq bir faktoru nəzərə almaq lazımdır ki, Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amillərdən biridir. Rusiyanı Qərb zaman-zaman dempinq siyasəti yürütməkdə, qazdan bir siyasi alət kimi istifadədə günahlandırır. Bunun bariz nümunəsi kimi Karnegi Fondunun son araşdırmasını göstərmək olar. “Gazprom” şirkəti 2016-cı ildə ABŞ-ın Avropa bazarına maye qaz ixracını əngəlləmək üçün artıq özünün boru kəməri ilə satdığı qazın qiymətini Qərbi Avropa ölkələri üçün kəskin ucuzlaşdırıb. Məsələn, cari ilin avqustunda Almaniyada qazın hər 1000 kub metrini $150-dan satıb. Yəni Rusiya bazarlar uğrunda mübarizədə özünün imkanlarını nəzərə alsaq, bəzən müəyyən zaman çərçivəsində, hətta maya dəyərindən aşağı belə qaz satmağa gedir. Belə riskli faktorları Xəzər hövzəsindən 3500 km uzaqlıqda yerləşən bazarlara qaz çıxaran şirkətlər daim nəzərə almalıdırlar”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info