İkinci Qarabağ savaşında şücaət göstərən idmançılarımız… -FOTOLAR

  • By admin
  • 05 Mart 2021 23:57

Heç kəsə sirr deyil ki, 44 günlük 2-ci Vətən müharibəsi savaşında əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmadı. Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar.

Onlardan yaralanan da oldu, şəhidlik zirvəsinə yüksələndə…Şücaət göstərib, sag-salamat geri dönəndə…

Bu gün 5 mart  idman günü ilə bağlı olaraq onlardan bəhs etməyi, qısacada olsa xatırlatmağı özümüzə borc bildik.

1.Qızğın döyüşlərin getdiyi bir vaxtda müharibəyə könüllü yollanan idmançılar arasında güləşçilərimizdən sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyevdir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan pəhləvan qazimiz sagalandan sonra karyerasına davam edəcək.

Qalib 1992-ci il iyulun 17-də Gəncə şəhərində idmançı ailəsində anadan olub. Atası Rəhim Əliyev SSRİ idman ustası, güləş üzrə Vetəranlar arasında dünya çempionudur. İdmana ilk addımlarını 9 yaşında “Təhsil” İdman Mərkəzində atasının rəhbərliyi altında atıb. İlk böyük qələbəsini 2011-ci ildə Arif Abdullayevin rəhbərliyi altında Serbiyada gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanmaqla əldə edib. 2012-ci ildə isə Xorvatiyada gənclər arasında təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız bu çempionatın final görüşündə erməni rəqibi üzərində qalib gələrək, ona himnimizi dinləməyi məcbur etmişdir. 2017-ci ildə Litvada hərbçilər arasında dünya çempionu, 2017-ci ildə isə Türkiyədə Yaşar Doğu ənənəvi beynəlxalq turnirin qalibi olub. Elə həmin ildə Gürcüstanda V.Balavadze Qran-prisinin qalibi, Dağıstanda keçirilən Əli Əliyev beynəlxalq turnirinin bürünc mükafatına yiyələnib. Bundan əlavə böyüklər arasında Azərbaycan çempionatının 3 dəfə gümüş, 4 dəfə isə bürünc mükafatçısıdır. Sərbəst güləşdən əlavə, 2016-cı ildə Qırğızıstanda keçirilən milli güləş üzrə dünya çempionu titulunun sahibidir.

2.Döyüş idman növlərində olduğu kimi komanda idman növlərinin üzvləri də zəfər döyüşündə hərbçilərimizlə birgə çiyin-çiyinə vuruşaraq, bu tarixi hadisənin bir parçasına çevrildilər. Onlardan biri də həndbol üzrə yığmamızın üzvü Ramazan Muradovdur. 7 yaşından həndbolla məşğul olan idmançımız bu tarixi hadisənin iştirakçılarından olduğu üçün qürur hissi keçirdiyini deyir:
“Həndbol üzrə dəfələrlə Azərbaycan və Bakı çempionatlarının qalibi olmuşam. Bolqarıstanda 23 yaşınadək gənclər arasında dünya çempionatının B kateqoriyasında iştirak etmişik. Həmin çempionatda Ermənistan komandasına qalib gəlmişik. Ötən il iyul ayında isə Gürcüstanda dünya çempionatının iştirakçısı oldum. ”

Müharibə başlayandan döyüşlərə qatılan idmançı onların narahat olmalarını istəmədiyi üçün ailə üzvlərinə döyüşdə olduğunu demir.Döyüşlərdə iştirak edən Ramazan  əks-hücum əməliyyatlarında Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib.

3. Şəhidlik zirvəsinə yüksələn Muxtar Qasımlı 23.02.1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri, 318 nömrəli tam orta məktəbə daxil olaraq, 2009-cu ildə məktəbi bitirmişdir. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Kikboksinq fakültəsi üzrə təhsili almışdır. Erkən yaşlarından idmana marağı böyük olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafaflara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə igidliklə savaşıb. Oktyabrın 2-də həmən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Şəhid idmançımız Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

4. Tofiq Musayev – 15.12.1989-cu ildə Bakıda anadan olub.Azərbaycan döyüş sənətləri idmançısı,Orion Fight Club-a aid idmançıdır. 12 yaşında karate ilə məşğul olmağa başlayan idmançımız 23 yaşında peşəkar döyüş sənətində debüt edib. 2007-2011 İdman Akademiyasını bitirən Tofiq Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.

Müharibə başlayandan könüllü olaraq döyüşlərə qatılan Tofiq Zəngilan istiqamətində düşmənlə şücaətlə döyüşərək igidlik göstərmişdir. Döyüş bölgəsindən lentə aldığı paylaşımları da idmançımızın necə qorxmaz, düşmənin gözünə dik baxan bir igid olduğundan xəbər verir. Belə oğulları olan Vətən heç bir zaman məğlub olmaz…

5. Mirzə Məmmədov 14.04. 1990 – cı ildə Bakı şəhərində anadan olub. 1997-ci ildən hələ orta məktəbdən idmanın Ciu-citsu növü ilə məşğul olmağa başlayıb. 1999-cu ildə Azərbaycan Gənclər Birliyinin futbol klubunda qapıçı olaraq fəaliyyət göstərmiş, 2001-ci ildə isə Lokomativ idman klubunda boks idman növünə başlamışdır.2002-ci ildən isə yeniyetmələr üzrə yarışlara qatılıb.2003-cü ildə boks üzrə Bakı çempionu olmuş, 2005- ci ilin fevral ayında Bakı şəhər çempionatında boks üzrə Bakı şəhər birinciliyində 2- ci yer tutmuşdur. 2005- ci ilin oktyabr ayında Süleyman Süleymanovun adına həsr olunmuş açıq turnirdə 2- ci yeri tutaraq elə həmin ili göstərdiyi nəticələrə görə 1 ci dərəcə adına layiq görülmüşdür.2007 -ci ildən etibarən qaydasız döyüşlə məşğul olmağa başlamışdır.2008-ci ildə 132 saylı Tam Orta Məktəbi bitirən idmançımız 2013 – cü ildə Socarın açıq yarışlarında 3- cü yer tutmuşdur.2014 cü ildə Türkiyənin Kempo Savunma Sporları federasyonunda milli komandanın məşqçisi kimi işə başlamışdır. 2016 cı ildə Kempo yarışlarında Türkiyənin 1- ci adına layiq görülmüş, 2018- ci ildə BUDO döyüş növlərində +100 kqda dünya kubokunun qalibi olmuşdur.2018- ci il Azərbaycanda keçirilən Respublika çempionatında 1- ci yerə çıxmışdır. 2018- ci il dekabr ayının 26-da Gənclər və İdman naziri  Azad Rəhimovun sərəncamıyla Azərbaycanın fəxri idman ustası adına layiq görülmüşdür. 2018- ci il Azərbaycanda keçirilən professional kəmər döyüşündə qalib olmuşdur.2019 cu ildə Gürcüstanda keçirilən Ciu-citsunun rəsmi dünya çempionatında həm güləş, həmdə döyüş versiyasından dünya 3-sü olmuşdur. 2019 – cu ildə Türkiyə çempionu olmaqla yanaşı həmin ildə Türkiyənin kempo idmanı üzrə Azərbaycan təmsilçisi seçilmişdir. 2019 – cu ildə Kuzey Kıbrıs(KKTC)-də verdiyi seminara görə Kuzey Kıbrısın fəxri idmançı adına layiq görülmüşdür. 2020- ci ilin əvvəlində Türkiyənin İstanbul şəhərində professional kəmər döyüşündə qalib olmuşdur.Çempion idmançımız beynəlxaq arenalarda 23 qızıl, 26 gümüş, 10 bürünc medal qazanmışdır. Mirzə Əbülfəz oğlu Məmmədov hal-hazırda idman karyerasını davam etdirir.

21.09.2020-ci ildə könüllü olaraq 2-ci Qarabağ müharibəsinə qatılan idmançımız Kəlbəçər, Suqovuşan, Füzuli, Horadiz istiqamətindəki döyüşlərdə şücaətlə döyüşərək, tək idman arenasında deyil, düşmənlə savaş arenasındada igidlik göstərərək, vətəninə xidmətində sonsuz sevgisini də əyani olaraq sübut etmişdir.

Bütün idmançılarımıza hər zaman qələbə və zəfər arzulayırıq!

Gununsesi.info