“Restoran və digər ictimai iaşə obyektlərinə verilən dini, eləcə də ayrı-seçkilik məzmunu daşıyan adlar mövcuddur və din üzərindən parçalanmaya xidmət edən bütün bu cür adların dəyişdirilməsi zəruridir”.
Bu sözləri mətbuata açıqlamasında deputat Fazil Mustafa bildirib.
Komitə sədri ayrı-seçkilik məzmunu daşıyan adların dəyişdirilməsinin tərəfdarı olduğunu və bununla bağlı xüsusi sənəd hazırlayıb müvafiq qurumlara təqdim etməyi planlaşdırdığını bildirib:
“Çünki dünyəvi dövlət prinsipləri hər bir müəssisənin bütün vətəndaşlar üçün bərabər, anlaşılan və neytral şəkildə xidmət göstərməsini tələb edir. Buna görə də Azərbaycan başqa ölkələrin ideoloji və dini təbliğat, habelə test məkanına çevrilə bilməz.
Bu baxımdan, “Qədirxum”, “Fədək” və bu kimi digər adlar Azərbaycanda məqsədyönlü ideoloji və dini təbliğat vasitəsi kimi qiymətləndirilməlidir və müvafiq qurumlar bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidirlər”,- deyə F.Mustafa qeyd edib.
Bu barədə ilahiyyatçı Elşad Miri də Gununsesi.info-ya danışıb.
Belə ki, o, bu cür adlara qadağa ilə yox, müxtəlif şəkillərdə yolunu tapıb tövsiyəvari bir məsələ kimi yanaşmaq lazım olduğu bildirib:
“Çünki bu, həqiqətən də bölücülüyə xidmət edir. Məsələn, özünü sünni hesab edən, Qədirxumu qəbul etməyən insanlar o müəssisəyə girmirlər. Sabah da biri Buxari və.s qoyacaq. Hesab edirəm ki, bunun qarşısı müvafiq formada alınmalıdır. Biri də var, dünyəvi insanlar. Yəni nə dindardı, nə sünnidi, nə də şiədi. O adamlar niyə bir-birinə fərqli şəkildə yanaşmalı, baxmalıdır? Təkcə dini yox, digər ayrıseçkilik salınan məsələlərdə dəyişikliyə gedilməsi, təbii ki, təqdirəlayiq addım olar.
Orxan












