“İldə bir qızı sevirdim” - Millət vəkilləri ilk sevgisini belə xatırlayır

  • By admin
  • 14 Fevral 2022 14:35
14 fevral dünya tarixində cütlüklərin Valentin yəni sevgililər günü kimi qeyd edilir. Bu tarixlə bağlı millət vəkilləri  arasında  “ilk sevdiyiniz xanımı necə xatırlayırsız?” sualı ilə sorğu keçirtdik. Əlaqə saxladığımız şəxslərdən  bəziləri suala cavab verməkdən imtina etdi,bəziləri özünü ağsaqqal hesab etdiyi üçün cavab verməyi özünə ayıb bildi, bəziləri isə hələ də sevdiklərini etiraf etdi. 
Gununsesi.info həmin sorğunu təqdim edirik:
Deputat Aydın Hüseynov: Mənim üçün ilk sevgi ana və vətəndən başlayır. Qadına qarşı olan sevgiyə gəldikdə isə mənim ilk sevdiyim qadın evimizdədir. Düşünürəm ki, əksər kişilərdə bu belədir.
Deputat Elman Nəsirov: Başımız o qədər siyasi məsələlərə qarışıb ki, o illərə qayıtmaq mənə dumanlı gəlir. İxtisasca diplomatam və belə durumlarda ixtisasım mənim köməyimə gəlir. Özəl bir xatırlamam yoxdur. Biz azərbaycanlıyıq və demək olar hamımız bir-birimizə oxşayırıq. Cümlələr çoxdur, amma mən bunu Ramiz Rövşənin bir şeiri ilə xatırlayacam. Mən elə bilirdim ölərəm sənsiz, mən sənsiz ölmədim məni bağışla….
Deputat Razi Nurullayev: Mən kənddə böyümüşəm. Belə insanların sevgisi xəyalında olur. Demək olar ildə bir qızı sevirdim, amma alınmırdı. İldə bir qız sevdiyimə görə də mənə hərdənxəyal adam deyirdilər. İnsan evləndiyi ana qədər sevir və axırda həyatını birinə bağlayır. Mən imkan düşdükcə həyat yoldaşımı sevindirməyə çalışıram. Hədiyyə alıram, harasa dəvət edirəm. Bunun üçün böyük bir xərcimiz də çıxmır. Düşünürəm ki, diqqət, qayğı və bir az da romantika olmalıdır.
Deputat Cavanşir Paşayev: Mən artıq onu xatırlamıram, yaşım çoxdur. Bu sualı cavanlara verin. Qocaların yaddaşı qalmır.
Deputat Hikmət Babayev: Mən ilk sevdiyim qadını hər gün evdə gördüyümə görə, elə olduğu kimi də xatırlayıram.
Deputat Tahir Kərimli: Elə ömründə bir dəfə sevmişəm, o da indiki həyat yoldaşımdır. Bu yaşımda ona həsr etdiyim şeirlər, onlarla çəkdiyim rəsmlər buna əyani sübutdür.
Gununsesi.info