Ilhamə Quliyeva oğlunu evə buraxmırdı

  • By admin
  • 24 May 2016 18:28

ilhama
“Orxanın anası zəng vurub, rüşvət təklif etdi.Dedi, Orxan İlhamə xanımın övladıdır, məhkəmə olsa, gələrsən bizim haqqımızda yaxşı danışarsan”

Gecce.az mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyevanın lent.az-a müsahibəsini təqdim edir:

– İlhamə xanımla tanışlığınız necə olub?

– Düz 5 il idi ki, İlhamə xanımı tanıyırdım. O xəstələnən zaman Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Leyla xanım mənə dedi ki, İlhamə xanım xəstədir, ona baxmaq lazımdı. Mən də razılıq verdim. İki ay yarım xəstəxanada qulluq etdim, sonra da evində baxdım.

– İlhamə xanım dünyasını dəyişən günə qədər özünü necə hiss edirdi?

– İlk öncə ona demək istəyirəm ki, mən bu günə qədər susmuşam. Yəni elə məqamlar var ki, onlardan heç kimin xəbəri yoxdur, mətbuata açıqlamamışam. Amma indi ilk və son dəfə danışmaq qərarına gəlmişəm. İlhamə xanımın ürəyində ağrılar olurdu. Son vaxtlar telefonda kiminlə isə danışıb, daha da əsəbiləşirdi. Həmin anlarda da dərmanlarını verirdim, sakitləşirdi. Ayaqlarında da problemlər var idi. Hər iki ayağında yaralar açılmışdı. Ayaqlarını müğənni Əli Mirəliyevin qızı Samirə müalicə edirdi. İlhamə xanıma zəng daha çox Orxanla bağlı gəlirdi və o da əsəbiləşirdi. Hətta ölməmişdən bir neçə gün qabaq xalq artisti Ağadadaş Ağayev İlhamə xanıma zəng edərək, Orxanın işi barəsində danışdı. İlhamə xanım da dəstəyi yerə asandan sonra halı pis oldu. Dərmanların atandan sonra sakitləşdi.

– Əli Mirəliyev iddia edib ki, yaxınları İlhamə Quliyevanı şantaj edirdi. Belə bir hala şahid olmusunuz?

– (Bir az düşünür…) Bəli, olurdu. Telefonda kimlərsə nələrsə deyirdilər, İlhamə xanım da onlara acı cavab verirdi. Mənə deyirdi ki, axı mən filan sözü deməmişəm, bu insanlar niyə məni şantaj edir?! Deyirdi, Fatya, mənim bəzi şeylərdən xəbərim yoxdur, mənə şər atırlar. Hər dəfə Orxan ona zəng edəndə deyirdi, niyə zəng edib, onu öldürmək üçün?! İlhamə xanım həqiqətən də Orxanı evə buraxmırdı. Heç onu görmək də istəmirdi. Allaha and olsun ki, olan şeyləri deyirəm.

– Mirası barədə danışırdı?

– Bəli, deyirdi, nəyim varsa, hamısını dayım oğlu Eldar İsmayılovun adına keçirdəcəyəm. Mənim yanımda nə vəsiyyət edibsə, onu da deyirəm. Yalanım yoxdur, hər şeyi olduğu kimi deyirəm. Miras barədə danışanda nə Orxanın, nə də digər adamların adını çəkmirdi. Hətta can verən ana qədər Eldar müəllimin adını çəkirdi.

– İlhamə xanımın dayısı oğlu Eldar İsmayılov müsahibəsində bildirdi ki, İlhamə xanıma kimsə zəng edib, zəngdən sonra əsəbiləşib və dünyasını dəyişib. Axırıncı zəng kimdən gəlmişdi?

– Axırıncı zəng Orxandan gəlmişdi. Orxan fevralın 24-dən 25-ə keçən gecə zəng elədi, İlhamə xanım da əsəbiləşdi. Dedi ki, “niyə zəng etmisən? Yatmışam”. Telefonla danışandan sonra əsəbiləşib, bədənində gərginliklər yaranmışdı. Təzyiqi enib-qalxırdı. Həmin gün mənə dedi, ürəyi sirkələnir, narahatdır. Soruşdum ki, təcili yardım çağırım? Dedi, yox, keçəcək. Gecə məndən qatıq və meyvə istədi. Bir az yedi və başladıq söhbət eləməyə. Dedi ki, Eldar müəllim xaricdən gəlsin, gələn kimi notariusa gedək, bütün hər şeyimi onun adına keçirəcəyəm. Nəsə bu barədə danışdıq, gecə saat ikinin yarısı yatdı və səhər 7-də durdu. Səhər təzyiqini yoxladım. Dedi, nəsə özümü pis hiss edirəm, bir az yatım. Yatdı, saat 10-nun yarısında durdu. Məni çağırıb dedi: “halım pisləşir, ürəyimə bax, elə bil ürəyimdə nəsə damar qırıldı. Deyəsən, mən ölürəm”. Mən də tez qorxdum, dərhal Leyla xanıma zəng etdim və dedim ki, “deyəsən İlhamə xanım ölür, təcili yardım gəlsin”. Leyla xanıma zəng edəndən sonra Eldar müəllimə zəng elədim, zəng çatmadı. Daha sonra Əli müəllimə və onun qızı Samirəyə yığdım. Onlar da, təcili yardım da evə gələnə qədər İlhamə xanım qollarımda can verdi. Bu dəhşətli bir an idi. İnsan ölür və sən ona kömək edə bilmirsən. İlhamə xanım can verirdi, mənsə ağlayıb, ona yalvarırdım ki, “ölməyin”.

– Dünyasını dəyişəndən sonra evə kimlər gəldi və nələr baş verdi?

– İlhamə xanım öləndən sonra qohumlarının evə gəlib, oyun çıxarmaları sanki bir film idi. Çünki İlhamə xanımın sağlığında yanına gəlməyən qohumları evdə peyda oldu. Sağlığında təkcə Əli Mirəliyev, onun qızı Samirə və dayısı oğlu Eldar müəllim gəlirdi. Yəni digər qohumları o evin qapısından içəri girə bilməzdi. İndi bu müsahibəni oxuyan qohumlar deyə bilər ki, yalan deyir. Amma mən yalan deyirəmsə, binada kamera var, baxsınlar. İlhamə xanım dünyasını dəyişəndən sonra evdə otaqların qapısını kilidləyib, açarı Əli müəllimə verdim. Səhərə qədər meyitin yanında qaldım. Daha sonra yavaş-yavaş İlhamə xanımın qohumları gəlməyə başladı. Tək mən ağlayırdım, deyirdilər ki, niyə ağlayırsan? Yəni mən o evdə İlhamə xanımın ölüsünə ağlayan qohumunu görmədim. İlhamə xanım ölən günü evə gələn qohumları kənara çəkilib, miras barədə danışırdılar. Ağlayıb özümü öldürdüm ki, bu necə müsəlmançılıqdır?! ( ağlayır) İnanırsınız, elə bil, bu yaşadıqlarım bir kino idi, kinoya çəkilirdim, həyatda başıma gəldi. İndi hər cümə axşamı İlhamə xanımın məzarı üstünə gedib, onunla söhbət edib, ağlayıram. İlhamə xanımın bacıları da axşam gəldilər, getdilər. Amma mən o bacılarını ağlayan görmədim. Bacıları pis insan deyil, bəlkə də ağlamağı bacarmırlar.

İlhamə xanımı torpağa basdırılan gündən sonra dedim ki, evimə getmək istəyirəm, məni yola salın. Görün, həmin an başıma nə oyun açdılar. Orxanın anası ilə həyat yoldaşı başladılar mənim çantamı yoxlamağa. Çantanı yerə boşaltdılar, baxdılar ki, heç nə yoxdur. Bu hərəkətləri mənə çox pis təsir etdi. Çünki ilk dəfə idi ki, həyatda belə bir şeylə qarşılaşırdım. Gördüm, Orxanın yoldaşı mənə birtəhər baxır. Dedim ki, mən bu evə gələndə sən harada idin? Sən mənim çantamı yoxlayıb evə buraxmışdın? İlhamə xanımın sağlığında sizlər heç bu evə gələ bilmirdiniz. Dünyasını dəyişəndən sonra bu evin qapısını tanımısınız. O da mənə dedi ki, çantanı yoxlamağa ixtiyarım çatır. Amma İlhamə xanım sağ olanda mənə demişdi ki, Orxanın anası hələ onun evini görməyib.

– Siz evə gələndən sonra evdə kim qaldı?

– Mən evə gələndən sonra Orxangil 8 gün evdə yaşadılar və evin açarlarını dəyişdilər. Mən evə gələndən sonra mənə gizli nömrələrdən zənglər gəlməyə başladı. Zəng edən Orxanın anası idi. Dedi, Lalədir. Dedi, bilirsən ki, İlhamə xanımın var dövləti Orxana qalacaq. Söylədim ki, məndən istəyiniz nədir? Dedi ki, Orxan İlhamə xanımın övladıdır, övladlığa götürüb, məhkəmə olsa, səni çağırsalar, gələrsən bizim haqqımızda yaxşı danışarsan, sənə də nələrsə verərik. Mənə heç bir şey lazım olmadığını dedim. Dedilər ki, sən bizim dediyimizlə razı ol, səni hər şeylə təmin edəcəyik. Bu zəng mənə çox müəmmalı qaldı. İstəsələr aidiyyəti orqanlar telefonumu yoxlatdırıb, bu zəngi tapa bilərlər. Niyə mənə gizli nömrədən zəng gəlmişdi?

– İndi verdiyiniz açıqlamalarımızdan ehtiyat edirsinizmi?

– Açığı bir-iki nəfər mənə dedi ki, Orxandan ehtiyatlı ol, onun barəsində heç nə demə. Çünki onun ətrafında elə insanlar var ki, sənə xətər toxundurarlar. Amma bütün bunlara baxmayaraq heç nədən qorxmuram. Rahatlıqla bu müsahibəni verdim. Çünki ölkə yiyəsiz deyil, qanunlarımız var. Hətta mənə deyiblər ki, Orxan tərəfdən təzyiqlər ola bilər. Mən deyə bilmərəm ki, miras Orxana qalmamalıdır. Qanun kimə nəsib edəcəksə, ona da qalacaq.