İlham Əliyev: ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI

  • By admin
  • 20 May 2021 18:55

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan bir sıra vacib təklif və təşəbbüslərlə çıxış edib.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, həmin təklif və təşəbbüslər 10 noyabr 2020-ci il birgə bəyanatında öz əksini tapıb:

“Bu layihələrin reallaşdırılması üzrə işlər artıq başlayıb. Azərbaycan bunun üçün texniki və maliyyə ehtiyatları ayırıb. Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq”.

Prezident Cənub Qaz Dəhlizi layihəsi qlobal əhəmiyyəti barədə də danışıb.

Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinə böyük töhfə verib. Azərbaycan qazının Avropaya nəql olunması yenilikdir. Bu layihə onun iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək.

Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlətimizin başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb.

“Lakin biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə daha çox maliyyə ayırmışıq. Digər xarici təşkilatların da əsasən maliyyə yardımını həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə yönəldilməsini alqışlayardıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Gununsesi.info