İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

  • By admin
  • 06 Mart 2018 18:00

Azərbaycan prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli xanımlar! Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər arzulayıram. Sivilizasiyaların qovuşuğunda özünün misilsiz mədəni-mənəvi sərvətlər xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətləri var. Ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin mücəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mənəviyyatlı Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoymuşdur. Keçmişimizin mürəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mənəvi dayağı olduğunu sübuta yetirib.

Yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanıb və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olublar.

Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə bilərik. Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz. Bayramınız mübarək olsun!”.