İlham Əliyev: “Azərbaycan qazı ilk dəfə olaraq Avropa bazarlarına çıxarılacaq”

  • By admin
  • 08 İyun 2016 23:04

ilham_aiyev_hans_shlayer_060616_1

 

“Bu il 25 illiyini qeyd edəcəyimiz müstəqillik onu göstərir ki, biz öz dəyərlərimiz, baxışımız, ənənələrimiz və güclü, müstəqil, suveren dövlət yaratmaqla bağlı planlarımıza əsasən yaşaya bilirik. Bu illər transformasiya – siyasi və iqtisadi transformasiya illəri oldu”.

 

Gununsesi.info xəbər verir ki, bunu prezident İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb: “Biz yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda hər iki göstərici 5 faizə yaxındır. Neft satışından əldə olunan gəlirləri qeyri-neft sektoruna yatırmağa başladığımızdan iqtisadiyyatımızın rəqabətliliyi artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə dünyada 40-cı yerdədir. Hazırda bəzi Avropa ölkələri enerji balanslarındakı neftin təxminən 30 faizini Azərbaycandan alırlar. Biz hər dörd istiqamətdə təbii qaz ixrac edirik. Hazırda biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. 2020-ci ilədək Azərbaycan qazı ilk dəfə olaraq Avropa bazarlarına çıxarılacaq. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əminəm ki, vaxt keçdikcə yeni kəşfiyyat layihələri ilə biz mütləq bu göstəriciləri daha da artıracağıq”.

 

Dövlət başçısı vurğulayıb ki,  “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri 45 milyard dollardır və bu məbləğin dörddəbiri ilə bağlı müqavilələr bağlanıb: “Almaniyanın mühəndislik, tikinti və avadanlıq istehsal edən şirkətlərinin burada iştirakı üçün böyük potensial var. Nəqliyyat, yüksək texnologiyalar, kosmik sənaye, turizm, təhsil – bütün bu sahələr bizim üçün prioritetdir və ümidvaram ki, bu Forumun nəticələri ölkələrimiz arasında təkcə iqtisadi sahədə deyil, həyatımızın digər bütün sahələrində əməkdaşlığın genişlənməsinə yol açacaq. Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Əlbəttə ki, mən ölkəmizdə daha çox alman şirkətinin fəaliyyət göstərməsini istəyirəm. Onlar podratçı olaraq Azərbaycanın inkişafı üçün çox əhəmiyyətli layihələr həyata keçirirlər. Əlbəttə ki, Azərbaycandakı yaxşı investisiya mühitini və siyasi mühiti nəzərə alaraq, biz onları həm də investor kimi görmək istəyirik”.     (APA)