
“Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi”.
Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib:
“Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. Böyük diversant qrupu ilə təkbaşına üz-üzə qalmasına baxmayaraq, geri çəkilmədi, qorxmadı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik, bütün Azərbaycan Çingizlə fəxr edir. Bu bir daha göstərmişdir ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. Böyük vətənpərvərlik, peşəkarlıq və rəşadət göstərmişdir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi:
“Bir aydan çox Çingizin nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti çox böyük səylər göstərmişdir. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmamışdır. Biz birgə səylərlə nail olduq ki, Çingizin nəşini Vətənə qaytaraq. Bakıda təntənəli vida mərasimi keçirilmişdir, sonra Çingiz doğulduğu Qusar rayonuna aparılmış və orada da təntənəli mərasimlə torpağa tapşırılmışdır. Fürsətdən istifadə edərək, bütün Qusar rayon sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş etmişlər”.
İlham Əliyev bildirib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi:
“Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat göstərməyə cəhd etmişdilər. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular. Azərbaycan Ordusu onlara elə bir zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində təşviş hökm sürürdü və bu gün də davam edir”.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar:
“Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələ ilə bağlı mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq, bizim Ermənistan torpağına iddiamız yoxdur, baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verən deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir”.
Gununsesi.info