

Azərbaycan prezidenti Qətərə səfər edəcək və artıq səfər proqramı üzərində iş gedir.
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi olaraq hökumətin digər qurumları ilə əlimizdən gələni etməliyik ki, prezidentlərin qurduğu əlaqələri inkişaf etdirək: “Bu məqsədlə biz Azərbaycan prezidentinin Qətərə səfərini hazırlayırıq”.
Nazir bildirib ki, Azərbaycanla Qətər arasında fondun yaradılması və üçüncü ölkələrə birgə investisiyaların yatırılması müzakirə edilir: “Prezidentin Doha səfəri öncəsi bunları müzakirə etməyə hazırıq. İki ölkə arasında gizli mövzular yoxdur”.
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani isə öz növbəsində bildirib ki, Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında görüş nəzərdə tutulub. “Qətər bu təmasları dəstəkləyir. Vahid təşkilat olaraq Körfəz Əməkdaşlıq Şurası həm üzv ölkələr, həm də Azərbaycan üçün çox faydalıdır”-deyə, Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani bildirib.
Mürtəza
Gununsesi.info