İlham Əliyev sərəncam İMZALADI

Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Sərəncama əsasən, Əhməd Bakıxanovun 130 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək Mədəniyyət Nazirliyinə tapşırılıb.

HTML tutorial

Sərəncamda deyilir: “Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir”.

Gununsesi.info