Biz Avropa Komissiyası ilə, eyni zamanda, müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk, genişlənmə istiqamətində enerji əməkdaşlığı edirik. Avropa Komissiyasından xahiş qəbul etmişik ki, Avropaya qaz ixracı artırılsın, çünki orada sıxıntıları var. Biz bağlılıq haqqında danışırıq, ticarət müzakirə edirik, sərmayələri müzakirə edirik.
Gununsesi.info verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib.
Lakin Avropa Parlamentinin bir təsisat kimi buna maneə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri özünü manyak kimi aparır. Çünki onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilərik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, biz bunu Avropa İttifaqının üzvlərinin hamısına amil etmirik”
Avropa Parlamentində korrupsiya hallarına toxunan Prezident İlham Əliyev deyib ki, bu qurum ilkin olaraq öz korrupsiya məsələlərini həll etməlidir. Hər hansı digərlərini müəyyən bir günahda ittiham etmək əvəzinə, öz məsələləri ilə məşğul olmalıdır.
Gununsesi.info