İlham Əliyevdən Avropa Parlamentinə ultimatum -VİDEO

  • By admin
  • 02 İyun 2016 23:27

Ilham Aliyevv

Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli təhqir dolu və əsassız qətnamələri bu qurumla əlaqələrin kəsilməsinə səbəb olub.  Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətini qəbul edərkən belə bir bəyanat verib. Dövlət başçısı bildirib ki, belə mövqe davam edəcəyi təqdirdə qurumla Azərbaycanın gələcək əlaqələri də sual altında olacaq.

Prezident İlham Əliyev Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini sərt tənqid edib. Dövlət başçısı qurumun liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.

Prezident deyib ki, Avropa Parlamentinin ölkəmizlə bağlı təhqirlərlə dolu və tamamilə əsassız qətnamələr qəbul etməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. Bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib.

Dövlət başçısı vurğulayıb ki, qurumun ən yüksək rütbəli şəxsləri – prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub. Bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb.

Prezident İlham Əliyev bildirib ki, Avropa Parlamentinin bəzi rəhbər şəxslərinin ədalətsiz anti-Azərbaycan qətnamələrinin qəbulunda tutduqları mövqe Avropa Komissiyasının mövqeyinə ziddir. Avropa İttifaqı ilə əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Avropa İttifaqına üzv olan bir çox dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, ya da qəbul edilib. Eyni zamanda, Azərbaycan Avropa Şurasında öz fəaliyyətini uğurla davam etdirir və Avropa Şurası da Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin bəzi rəhbər şəxsləri və anti-Azərbaycan qruplaşmaları öz ədalətsiz mövqeləri ilə sadəcə olaraq Avropa-Azərbaycan əlaqələrini pozmaq istəyirlər və nə qədər ki, bu destruktiv qüvvələr öz siyasətində düzəlişlər etməyəcəklər, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyil.

“Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai isə bildirib ki, Azərbaycan ilə yaranmış vəziyyət dəyişməkdədir və təmsil etdiyi qurum əlaqələri bərpa etmək istəyir. Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığına dair hesabat hazırladıqlarını bildirən Norika Nikolai qeyd edib ki, ölkəmizə səfərində məqsəd bu hesabatla bağlı yekun fikir mübadiləsi aparmaqdır.