Prezident İlham Əliyevin son Naxçıvan səfərində Ermənistana yönəlik verdiyi mesajlar düşmən ölkəni təlaşa salıb. Ölkə başçısı Naxçıvan ordusunun çox güclü olduğunu, istənilən təxribatın qarşısını ala biləcəyini və hətta uğurlu əks-hücum əməliyyatı keçirəcəyini bildirib.
Sitat: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”.
İ.Əliyev onu da qeyd edib ki, Naxçıvanın dəmir yolu ilə Azərbaycanın əsas hissəsi birləşəcək və beləliklə, muxtar respublika blokadadan, mühasirədən canını qurtaracaq.
“Bakı birinci dəfə deyil ki, Naxçıvan ərazisindən Ermənistanı hədələyir. Orada raket sistemlərinin yerləşdirildiyi heç də dünən məlum olmayıb. Biz Azərbaycanın buradakı hərbi imkanlarını bilirik və onu da bilirik ki, Naxçıvanla həmsərhəd Ermənistan əraziləri, eləcə də paytaxt İrəvan doğrudan da əlçatandır”-hərbi ekspert David Arutyunyan “Sputnik Armenia” agentliyinə bildirib.
Onun fikrincə, Ermənistana Naxçıvan ərazisindən zərbələr İrəvan tərəfdən əks-zərbələrə gətirib çıxaracaq. Lakin erməni ekspert bu məqamın üstündən keçib ki, Azərbaycan Naxçıvan istiqamətindən əks-zərbələr barədə danışır. Yəni Dağlıq Qarabağ ətrafında mümkün irimiqyaslı hərbi əməliyyatlar başlayarsa və bu zaman Ermənistan ərazisindən Azərbaycan əraziləri hədəf alınarsa (o cümlədən “İsgəndər” raketləri ilə) bu zaman Bakının Naxçıvan istiqamətindən həmin zərbələrə cavab verməsi tamamilə legitim olacaq. Başqa sözlə, Naxçıvanda Azərbaycanın böyük hərbi qüvvə cəmləşdirməsi Ermənistan üçün məhz çəkindirici amil olmalıdır.
Arutyunyan Naxçıvandan qaynaqlanan hərbi təhdid məsələsindən danışarkən Rusiyanın Ermənistanla hərbi müqaviləsini yada salıb.
Amma birinci hücum edən tərəf Ermənistan olarsa və Azərbaycan buna Naxçıvandan cavab verəcəksə Rusiyanın təhlükəsizlik qarantiyası nə dərəcədə legitim olacaq?
Arutyunyan bu məqamın üstündən keçir, amma deyir ki, Ermənistan ərazisinə zərbələr münaqişənin miqyasının böyüməsinə və Rusiya ilə bir başqa toqquşma riskinin yaranmasına gətirib çıxaracaq.
Təcavüzkar ölkənin əndişə içərisində olduğunu göstərən bu cür açıqlamalar kifayət qədərdir.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında prezidentin bu açıqlamalarının Ermənistanın yeni baş naziri Nikol Paşinyanın son günlərdəki sayıqlamalarına cavab olduğunu bildirdi: “İlham Əliyevin Naxçıvana hər səfərində hərbi hissələri ziyarət etməsi və orada işğalçının ünvanına sərt açıqlamalar verməsinin xüsusi əhəmiyyəti var. Necə ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Xankəndindən Azərbaycan əleyhinə açıqlamalar səsləndirdi, eləcə də İlham Əliyev onun cavabını Naxçıvandan verdi. İlham Əliyevin ”Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər” açıqlaması birbaşa Paşinyana xəbərdarlıqdır. Bakı Naxçıvanın təhlükəsizliyinə diqqəti artırır. Azərbaycanın xarici ölkələrdən aldığı müasir hərbi texnikanın bir hissəsi Naxçıvanda yerləşdirilir. Bu o deməkdir ki, Dağlıq Qarabağda müharibə başlasa Naxçıvan da bu müharibədə iştirak etməyə hazırdır. Naxçıvanda kifayət qədər canlı qüvvə və hərbi texnika cəmləşdirilib. Ümumiyyətlə torpaqlarımızın geri qaytarılması uğrunda gələcək müharibə lokal müstəvidə, yəni ancaq Dağlıq Qarabağda aparılmamalıdır. Əgər Ermənistan qoşunları Dağlıq Qarabağ və ətraf rayonları işğal ediblərsə, növbəti müharibədə Azərbaycan bütün sərhəd boyu işğalçıya problemlər yaratmalıdır. Düşmən rahatlıq hiss etməməlidir. Onsuzda Ermənistanda qarışıqlıqdır”.
Politoloq Paşinyanın başının dərddə olduğunu da vurğuladı: “Nikol Paşinyan cini şüşədən çıxardıb, onu geri şüşəyə salmaq çətin olacaq. Özü mitinq yolu ilə Serj Sərkisyanı devirib baş nazir oldu. İndi başqaları da mitinqlərə çıxır, küçə yürüşləri keçirirlər. Hərənin fərqli dərdi var, biri gecikən maaşlarını tələb edir, bir başqa qrup həbsdəki tərəfdarlarının azad olunmasını istəyir, İrəvan merini istefaya məcbur etmək istəyən qrup da var. Bir sözlə aləm dəyib bir-birinə. Paşinyan sosial şəbəkədə yazıb ki, etiraz aksiyalarını dayandırın. Niyə dayandırmalıdırlar ki? Sənə olar, başqasına olmaz? Bu hələ başlanğıcdır. Ona görə, bir tərəfdən də biz Ermənistanın problemlərini dərinləşdirməliyik. Azərbaycan prezidentinin və müdafiə nazirinin işğalçıya qarşı sərt açıqlamalarının davamında fayda var. İlham Əliyevin İrəvanın əzəli torpaqlarımız olduğunu və ”biz ora qayıdacağıq” açıqlamalarını davamlı olaraq səsləndirməsi də Ermənistan siyasi dairələrində və cəmiyyətində narahatlıq predmetidir. Bu belə də olmalıdır. Xarici işlər naziri Elmar Məmmədyarovun da ritorikasını sərtləşdirməsinə ehtiyac var”.