
Xəbər verdiyimiz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib.
Gununsesi.info xəbər verir ki, hesabatda diqqət çəkən məqamlardan biri prezidentliyə namizdələrin hazırkı dövlət başçısı İlham Əliyevi dəstəkləməsi barədə əks olunanlardır.
Bəs görəsən, prezidentliyə namizədlərin özləri bu məsələyə necə yanaşırlar?
Prezidentliyə namizəd Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında bildirib ki, ATƏT-in bu rəyi, əslində, ilkin hesabatda məntiqsiz bir arqumentə söykənir.
“Çünki bizim məsələyə yanaşmamız birmənalı belədir: Xarici siyasətdə indiki hakimiyyətin kursunu doğru hesab edirik. Əsasən, müəyyən korrektələr edilməlidir, ancaq daxili siyasətdə tamamilə fərqli platformada çıxış edirik və indiki iqtidarı dəstəkləmirik. Bizim öz yanaşmamız var”, – deyə o əlavə edib.
Fazil Mustafa qeyd edib ki, o, hansı islahatların keçirilməsi, istər təhsildə, istər əmək və əhalinin sosial müdafiəsi sistemində, istər iş adamlarına münasibətdə tamamilə fərqli konsepsiya ilə çıxış edir:
“Xarici siyasətdə işğalçı qüvvəni ölkədən atmış hansısa bir addımı niyə qəbul etməməliyik? Kim olsa, eyni addımı atar. Məncə, belə bir nəticə çıxartmaq yanlışdır. Çünki hər hansı bir namizəd xalqın qarşısına dürüst açıq şəkildə, öz mövqeyi ilə çıxmalıdır. Yəni burda yalandan nəyisə qəbul edirəm, etmirəm sözü olmaz. Torpaqları işğaldan azad etmək bizim nizamnaməmizdə var. Əgər bu missiyanı İlham Əliyev yerinə yetiribsə, bu məsələdə bizim hansı bir irad bildirməmiz cəmiyyət tərəfindən süni bir inadkarlıq kimi qiymətləndirilə bilər. Bizim bu məsələdə etirafımız cəmiyyətdən daha çox dəstək qazanmağımıza imkan yaradır”.
Prezidentliyə namizdə daxili siyasətdə xeyli nöqsanların olduğuna diqqət çəkib:
“Daxili siyasətdə xeyli nöqsanlar var və Böyük Quruluş Partiyası, olaraq buna qarşı alternativ layihəmiz ilə çıxış edirik.
Xarici siyasətdə bir çox məsələlər var ki, hakimiyyətə gəlsək, biz də indiki iqtidarın kursunu davam etdirəcəyik. Bu, İlham Əliyevi dəstəkləmək deyil. Bu, kursu məntiqli və ağıllı hesab etməkdir”.
Prezidentliyə namizdən Zahid Oruc Gununsesi.info-ya açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) aralıq hesabatı ilə tanış olduğunu deyib və bildirib ki, orada göstərilən ümumi müddəalar tam mənzərəni yaratmır. “Biz istəmirik ki, bu hər zaman ki qarşılıqlı tənqidlərin mübadiləsi olsun”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, digər tərəfdən, hər zaman bu rəylər müəyyən bir geosiyasət mənzərəsini özündə canlandırır, maraqlar və mənafeləri əks etdirir:
“Biz yaxşı bilirik ki, Rusiyayönümlü qüvvələr Ermənistanda hansı zorakılığa məruz qalsalar da, bu, həmin hesabatlarda çox zaman öz əksini tapmır.
Yalnız ona görə ki, hakimiyyətdə olan qüvvələr açıq şəkildə Qərb dəyərlərini, onun planlarını strategiyasını, bölgəsəl geosiyasətini bölüşdüyünə görə, əsasən gələn müşahidəçilər də bu məqamları qabardırlar. Daha doğrusu, kim nəyi düşünür onu da tapır görür və aktlaşdırır”.
Zahid Oruc xatırladıb ki, keçmişdə ATƏT-in müşahidə missiyası ikiyə bölündüyü və bir-birinə zidd olan mövqelər ilə parçalandığı da tarixin bir parçası olub: “Əgər baxmayaraq ki, üzərimizə Qərb ailəsinin və onun müxtəlif siyasi strukturlarının üzvü olarkən, xüsusilə də 2000-ci illərdə Avropa Şurası ilə üzvlüyümüzü rəsmləşdirərəkən öhdəliklər götürmüşük, ancaq başqa bir mənada onu deməliyik ki, əgər həmin diktə olunan tələb edilən yol gedilsəydi, onda bizi Ukraynanın və 2008-ci ildəki Gürcüstanın aqibəti gözləyirdi.
Düşünürəm ki, indi Azərbaycan yolu daha diqqət ilə nəzərdən keçirilə bilər.
Müxtəlif dövlətlər də bunu açıq şəkildə dilə gətirirlər. Biz Serbiya, Moldovadan oxşar baxışları eşitmişik. O cümlədən, müxtəlif konflikt məkanlarda Azərbaycan özünün bütövlüyünə qovuşdu. Biz belə addımları atacağıq kimi çağırışlar ortadadır. Beləliklə, mən həmin qeyd etdiyiniz məqamlara ümumi münasibətimi göstərdim. Konkretliyə gəldikdə isə ifadə belədir ki, namizədlər keçmişdə prezident İlham Əliyevi və onun kursunu müdafiə etmişlər.
Bu, əsla heç kimə bu kampaniyada iştirakı yasaq etmir.
Əgər sırf hüquqi baxımdan yanaşdıqda, bu bir konstitusion haqdır.
İkinci tərəfdən, bizim irəliyə sürdüyümüz proqramı və efir məkanında söylədiyimiz ideyalara baxarkən onun əksərində tam yeni yanaşmalar, problemlər və onun tənqidindən daha çox gələcək həll yolları və təkliflər üzərində bir strategiyanı izləmişik.
Arzulayıram ki, bütün çıxışlarımızın internet resurslarında olduğunu nəzərə alıb ATƏT-in monitorinq missiyası onların hamısını yenidən qiymətləndirib baxsın. O zaman şahid olacaqlar ki, bizim orada qoyduğumuz məsələlər həqiqətən də istənilən Qərbi ölkəsində namizədlərin bir-biri arasındakı yarışda dilə gətirilən fərqli mövqelər ilə eynidir. Başqa tərəfdən, əgər kimsə arzu edirsə ki, biz gerçəklərin üzərindən xətt çəkək və deyək ki, Şuşanın, Kəlbəcərin alınması yalnış olub, Zəngilana quruculuq işlərinin üzərindən xətt çəkməliyik, bütün bu Böyük qayıdışlardan imtina etmək lazımdır bu və 90-cı illərin efir məkanında qladiator savaşları, siyasi qarşıdurmalar, hətta bunun qanla və silahla müşayiət olunmasını təkrarlayaq? O tərəfdə də ərazilər itirilsin? Əsla, bizim yanaşmamız belə deyil. Ona görə də, bu hesabatlarda bizim hazırkı fəaliyyətimizin obyektiv əksini tapmasını çox arzulayırıq”.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, ATƏT bir Avropa siyasi təsisatıdır, ona görə də “bizim erməni işğalçılarını torpaqlarımızdan qovmağımızdan çox məyusdurlar”:
“Düşünürlər ki, qisas almaq üçün əllərinə imkan düşüb. Mənimlə görüşdə dedilər ki, siz 23 oktyabrda Prezidentin daxili və xarici siyasətini dəstəkləməniz barədə digər partiyalarla birlikdə bəyanat vermisiniz.
Dedim, bu Qarabağ probleminin həlli ilə əlaqədar verilən bəyanatdır. İlham Əliyev Ermənistanın xarici tərəfdaşlarını neytrallaşdıra bildi, ölkəmizə güclü müttəfiqlər qazandırdı, daxildə xalqın birliyinə nail oldu və nəticədə biz qalib gəldik.
Prezidenti həmişə tənqid etməli deyilik ki, onun xidmətlərini də qiymətləndirməyi bacarmalıyıq. Onlara söylədim ki, Qarabağ məsələsindən və ümummilli məsələlərdən kənar mənim bir dəfə Prezidenti dəstəklədiyimə dair fakt göstərin. Parlamentin iclaslarının stenoqramları, verdiyim müsahibələr, hökumətin hesabatlarına dair necə səs verməyim, büdcə müzakirələrindəki çıxışlarım ortadadır, araşdırın, başqa bir fakt göstərin. Göstərə bilmədilər”, – deyə o bildirib.
Qüdrət Həsənquliyev aralıq hesabatın qərəzli olduğunu deyib: “Onlar qərəzlidirlər və ermənipərəst dairələrin komandası ilə hərəkət edirlər. Onları ölkədə vətəndaş qarşıdurmasının olmaması ciddi narahat edir. Çünki bu zaman ölkə xarici təzyiqlərə müqavimət göstərə bilir. Azərbaycana təzyiq edib, erməniləri Qarabağa qaytarmaq istəyirlər, Azərbaycanın Rusiya ilə qarşıdurmaya getməməsindən, İranla münasibətlərin tədricən yumşalmasından çox pərişandırlar. Çünki qonşularla düşmənçilik bizi onlardan asılı edir”.
Pərviz Həşimli
Gununsesi.info