İlham Əliyev: “40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”

  • By admin
  • 11 Noyabr 2022 13:17

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb”.

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.

TDT 2009-cu ildə yaradılıb. Quruma Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.

Azərbaycan əsilli insanların daha çox İranda yaşadıqları bildirilir. Qeyri-rəsmi məlumatlara görə, hazırda İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Amma İranın rəsmi qurumları bu rəqəmi təsdiqləmirlər. İran Konstitusiyasına görə, onlar ana dillərində oxumaq hüququna malikdirlər. Bununla belə, dəfələrlə İranda yaşayan azərbaycanlılar bu hüquqdan məhrum olduqları ilə bağlı AzadlıqRadiosuna da şikayətlər ediblər.

Son aylar isə İranın müxtəlif bölgələrində, o cümlədən azərbaycanlıların sıx yaşadığı Təbrizdə etirazlar baş verir.

İranda insan haqlarını monitorinq edən qurumların məlumatına görə, etirazçılara divan tutulması nəticəsində 300 civarında şəxs öldürülüb. Etirazlara səbəb kimi sentyabrın 13-də hicab qaydasını pozduğu iddiası ilə Tehranda əxlaq polisinin saxladığı Məhsa Əmininin ölümü göstərilir. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və üç gün sonra xəstəxanada ölüb.

İranda hicab islam inqilabından (1979) sonra qadınlar üçün məcburi geyim kodeksi elan edilib.

Avropa İttifaqı bundan sonra İranda bəzi rəsmi şəxslərə sanksiyalar açıqlayıb.

Ayrıca son aylar Azərbaycan-İran münasibətlərində də gərginlik müşahidə edilir. Oktyabrın 17-də İran Silahlı Qüvvələri bu ölkənin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz çayı bölgəsində hərbi təlimə başlamışdı. Təlim Azərbaycanda narazılıqla qarşılandı. Azərbaycan Milli Məclisində bəzi deputatlar bunu onlara qarşı təhdid kimi dəyərləndirdilər. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi isə, öz növbəsində, bildirib ki, dostluq və qardaşlıq münasibəti nəzərə alınaraq təlimə başlamazdan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib. İranin rəsmi qurumları hesab edirlər ki, bəzi kənar qüvvələr iki ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlıdır.

Daha sonra isə Azərbaycan xüsusi təyinatlıların ölkənin cənub ərazisində təlimi keçirildi. Ölkə mediası bunu İrana cavab kimi dəyərləndirdilər.

Gununsesi.info