İlham Əliyev “Pandora sənədləri”ndən danışdı - PREZİDENTLİKDƏN ƏVVƏL UĞURLU SAHİBKAR OLMUŞAM VƏ BİZNESİMİ AİLƏMƏ ÖTÜRMÜŞƏM

  • By admin
  • 13 Oktyabr 2021 15:55

Prezident İlham Əliyev İtaliya mediasına müsahibəsində “Pandora sənədləri” haqda suala cavab verib.

Gununsesi.info ölkə başçısının cavabını təqdim edir:

“Bilirsiniz, siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Əbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.

Mətləbə gəldikdə, bildirim ki, mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl uğurlu sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Prezident seçiləndə kasıb insan deyildim. Prezident olduqdan sonra biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda və xaricdə sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.

Sənədlərdə nə yazılıbsa, səmimi desəm, oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda işğaldan azad olunan ərazilərdə bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.