İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib

  • By admin
  • 28 May 2023 21:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Gununsesi.info