İlham Əliyevin medal verdiyi tənqidçi hüquq müdafiəçisi danışdı

  • By admin
  • 06 Mart 2023 22:05

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə bir qrup qadına fəxri ad və medal verib.
Gununsesi.info xatırladır ki, həmin şəxslər arasında hökumətin tənqidçilərindən olan Şəhla İsmayıl da var.
Belə ki, ölkə başçısının hüquq müdafiəçisinə “Tərəqqi” medalı verməsi sosial şəbəkələrdə təəccübə səbəb olub.
Gununsesi.info bildirir ki, Şəhla İsmayıl özü də bu sərəncamın onu təəccübləndirdiyini deyib.

“Mən bu qərar haqqında yeni bilmişəm, çox gözlənilməz və xoş xəbər oldu. Mənə əsas xoş gələn tərəfi 25 il ərzində gender bərabərliyi sahəsində apardığım fəaliyyətin qiymətləndirilməsi ilə yanaşı, hökumət tərəfindən tənqidi mövqedə olan qadın hüquqları müdafiəçisi camiyyəsindən biri kimi bu mükafatı almağımdır”.

Şəhla İsmayıl deyir ki, ona  ən çox verilən suallardan da biri bu olub: ” “Deməli belə də olur”  deyə soruşurlar. Eynən! Mən məhz elə bir ölkədə yaşamağı arzu edirəm ki, Milli Mükafat veriləndə insanın müstəqilliyi sorğulanmasın, təqdir olunanda kimsə təəccüblənməsin və ürəyinə “görəsən…” şübhəsi zərrə qədər düşməsin! Vicdanlı insanlar bacarıqları, mübarizəsi, azad sözü üçün təqdir olunsunlar! Və mövqelərini dəyişmədən Vətən üçün xidmət etməyə qürurla davam etsinlər!

Bu mükafatı qadın hüquqları uğrunda mübarizə aparan bütün həmkarlarımla paylaşıram! Yola davam”.

 

Mətləb Yaqublu

Gununsesi.info