İlham Əliyev insan haqları ilə bağlı Blinkenə nə deyib?

  • By admin
  • 04 Aprel 2024 16:01

Azərbaycan Prezidentinin Mətbuat Xidməti ABŞ-ın Dövlət Katibi Antoni Blinkenin İlham Əliyevlə telefon danışığı zamanı həbsdə olan şəxsləri azadlığa buraxmağa çağırmasına dair Dövlət Departamentinin açıqlamasına reaksiya verib.

Gununsesi.info Prezidentin Mətbuat Xidmətinin AZƏRTAC-ın sualına cavabını təqdim edir:

 Dünən ABŞ Dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı ilə əlaqədar ABŞ tərəfindən verilmiş mətbuat açıqlamasında qeyd olunur ki, telefon danışığı zamanı müzakirə edilən məsələlərdən biri də insan hüquqları olub. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulub. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlət başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.

Prezident İlham Əliyev telefon danışığı zamanı, həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qalması məsələsini bildirmişdir. Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulamışdır. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir.

 

Gununsesi.info